İQTİSADİYYAT
ASK-nın Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib.
ASK-dan AZƏRTAC-a bildirilib ki, iclasda konfederasiyanın cari ildə iş planı, üzvlük strategiyasının hazırlanması, ASK-nın ümumi strukturunun, komissiyaların və regional nümayəndəliklərin təşkili, 2019-cu ildə ASK-nın təsis edilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Struktur dəyişikliyi çərçivəsində konfederasiyanın ictimaiyyətlə əlaqələr və kadrlar şöbəsinin dövlət orqanları və sahibkarlarla iş şöbəsi ilə birləşdirilərək sahibkarlarla iş və kommunikasiya şöbəsi, hüquq və əmək münasibətləri şöbəsinin hüquq və sosial tərəfdaşlıq şöbəsi, beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin beynəlxalq əlaqələr və dayanıqlı inkişaf şöbəsi adlandırılması təklif edilib.
Bundan başqa, qeyd edilib ki, yaxın vaxtlarda ASK yeni ünvanda fəaliyyət göstərəcək və bunun üçün artıq razılaşma əldə olunub.