CƏMİYYƏT
AŞPA: Azərbaycanlı deputat COVID-19-a qarşı mübarizə və peyvəndin əlçatanlığına dair ölkəmizin təcrübəsindən danışıb
Strasburq, 27 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının sessiyasında “COVID-19 peyvəndi: etik, qanuni və praktiki mülahizələr” adlı məruzənin müzakirələrinə azərbaycanlı deputat Nigar Arpadarai də qoşulub.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı deputat COVID-19 pandemiyasının müasir dünyamıza təsirlərindən və onun nəticələrindən söz açıb. Eyni zamanda, pandemiyaya qarşı peyvəndlə bağlı üzləşilən problemlərdən danışaraq, insan həyatının xilas edilməsində peyvəndin vacibliyini vurğulayıb.
Azərbaycanlı deputat koronavirusun qarşısının alınması, eləcə də peyvənd kampaniyası sahələrində ölkəmizdə atılan addımlardan danışıb. O, pandemiya ilə bağlı bütün məlumatların, eləcə də peyvənd sahəsində şəffaflığın vacibliyini diqqətə çatdırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq