SİYASƏT
AŞPA ERMƏNİSTAN HAKİMİYYƏTİNİ QAYDA-QANUN YARATMAĞA ÇAĞIRMIŞDIR
Avropa Şurası Parlament Assambleyasının sədri Peter Şider Ermənistanın hakimiyyət orqanlarını və müxalifətini prezident seçkilərinin ikinci turu ərəfəsində ölkədə vəziyyəti sabitləşdirməyə çağırmışdır.
Rusiyanın “Novosti” agentliyindən AZƏRTAC-a daxil olan xəbərə görə, AŞPA sədrinin Avropa Şurasının Strasburqdakı iqamətgahı tərəfindən yayılmış bəyanatında deyilir: “Hakimiyyət ictimai asayişi qorumaq üçün namünasib vasitələrə əl atmadan gərginliyi zəiflətməkdən ötrü bütün imkanlardan istifadə etməlidir”.
AŞPA sədri saxlanılmış müxalifət tərəfdarlarının dərhal azad olunmasını tələb etmiş, müxalifəti isə Konstitusiyaya və hüquq qaydalarına əməl etməyə çağırmışdır.
O bildirmişdir ki, biz seçkiləri müşahidə edən beynəlxalq missiyanın birinci turun yekunlarına dair qeydə aldığı pozuntulardan ciddi narahatıq . Əgər Ermənistan Avropa Şurasının üzvü kimi öz öhdəliklərinə əməl etmək istəyirsə, ikinci turda belə pozuntulara yol verilməməlidir.
AŞPA-nın sədri səslər hesablanarkən daha çox şəffaflıq yaradılmasını və səsvermənin nətsicələrinin daha operativ dərc olunmasını da tələb etmişdir.