SİYASƏT
AŞPA MONİTORİNQ KOMİTƏSİNİN MƏRUZƏÇİLƏRİ APRELİN 12-DƏ BAKIYA GƏLƏCƏKLƏR
Avropa Şurası Parlament Assambleyasının Öhdəliklərin Yerinə Yetirilməsinə Nəzarət Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəçiləri Martinas Kassan və Andreas Qross aprelin12-də Bakıya gələcəklər.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini Gültəkin Hacıyeva AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, səfərdən məqsəd Azərbaycanın Avropa Şurasına qəbul olarkən götürdüyü öhdəliklərin yerinə yetirilməsinin gedişatını izləmək və hesabat məruzəsi hazırlamaqdır. Monitorinq qrupunun üzvləri Prezidentin İcra Aparatında, parlamentdə, Ədliyyə Nazirliyində, eyni zamanda müxtəlif siyasi partiya və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcəklər. Səfər aprelin 15-də başa çatacaqdır.
Azərbaycan qanunvericiliyin təkmilləşdirilməsi, bir sıra konvensiyalara qoşulmaq, insan haqlarının qorunması və Dağlıq Qarabağla bağlı götürdüyü, 4 blokda qruplaşdırılan öhdəliklərin demək olar ki, böyük əksəriyyətini yerinə yetirmişdir. Qalan bəzi öhdəliklər vardır ki, onların yerinə yetirilməsi vaxt tələb edir.