SİYASƏT
AŞPA-NIN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin başçılıq etdiyi deputat qrupu bu qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburq şəhərinə gəlmişdir. Martın 31-də İlham Əliyev büro iclasında və siyasi komitənin yığıncağında iştirak etmişdir.
Sessiyanın günün birinci yarısında keçirilmiş iclasında gündəlik təsdiq olunmuşdur. Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələri, Avropa Şurasının 50 illiyi çərçivəsində böyük Avropada nəqliyyat siyasəti, mühacirlərin vəziyyəti, kənd təsərrüfatı sahəsində yeni siyasət, Azərbaycan, İsveç və Ermənistan üzrə Avropa Məhkəməsinə hakimlərin seçilməsi, Avropa və Xəzər regionunda enerji ehtiyatlarının işlənməsi, Avropa və İraq böhranı, üzv dövlətlərdə dillərin qorunması, Cənubi Qafqazda mədəniyyətin vəziyyəti və digər məsələlər deputatların müzakirəsinə verilmişdir.
Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider sessiyanın açılışında İraq böhranı ilə bağlı bu qurumun məqsədlərini açıqlamış, intensiv bombardmanlar nəticəsində minlərlə dinc əhalinin həlak olmasından bütün Avropanın ciddi narahatlıq keçirdiyini bildirmiş və bu məsələnin aprelin 3-də hərtərəfli müzakirə ediləcəyini bəyan etmişdir.