SİYASƏT
AŞPA-NIN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEV İCLASDA İŞTİRAK ETMİŞDİR
AZƏRTAC-ın Fransadakı xüsusi müxbiri xəbər verir ki, Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və Büro üzvü, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin başçılıq etdiyi deputat qrupu bu qurumun yaz sessiyasında iştirak etmək üçün Strasburq şəhərinə gəlmişdir. Martın 31-də İlham Əliyev Büronun iclasında və Siyasi komitənin yığıncağında iştirak etmişdir.
Sessiyanın günün birinci yarısında keçirilmiş iclasının gündəliyinə Ermənistanda prezident seçkilərinin nəticələri, Avropa Şurasının 50 illiyi çərçivəsində böyük Avropada nəqliyyat siyasəti, mühacirlərin vəziyyəti, kənd təsərrüfatı sahəsində yeni siyasət, Azərbaycan, İsveç və Ermənistandan Avropa Məhkəməsinə hakimlərin seçilməsi, Avropa və Xəzər regionunda enerji ehtiyatlarının işlənilməsi, Avropa və İraq böhranı, üzv dövlətlərdə dillərin qorunması, Cənubi Qafqazda mədəniyyətin vəziyyəti və digər məsələlər daxil idi.
Avropa Şurası Parlament Assambleyasının sədri Piter Şider sessiyanın açılışında İraq böhranı ilə bağlı bu qurumun mövqeyini açıqlamış, intensiv bombardmanlar nəticəsində dinc əhalinin həlak olmasından bütün Avropanın ciddi narahatlıq keçirdiyini və bu məsələnin aprelin 3-də hərtərəfli müzakirə olunacağını bildirmişdir.
AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev iclasda Ermənistanda prezident seçkilərinin nəticələri ilə bağlı müzakirələrdə çıxış etmişdir.
ASPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ
İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli cənab sədr!
Hörmətli xanımlar və cənablar!
Ermənistanda Prezident seçkilərinin bu şəkildə keçirilməsi həmin ölkədəki vəziyyəti bilənlər üçün təəccüblü deyildir. Vəziyyəti bilənlər daha erməni diasporunun maliyyələşdirdiyi rəsmi, qərəzli erməni təbliğatına deyil, öz bildiklərinə əsaslanaraq fikir söyləyirlər.
Ermənistanda keçirilmiş prezident seçkiləri zamanı ciddi pozuntulara yol verildiyini hamımız yaxşı bilirik və bu da həmin ölkədə beynəlxalq hüquq normalarının mütəmadi pozulmasının məntiqi sonluğudur. Ermənistanın beynəlxalq hüquq normalarını davamlı surətdə pozması özünü, hər şeydən əvvəl, 20 faiz Azərbaycan torpaqlarını 10 ildən artıqdır ki, işğal altında saxlamasında göstərir. Ermənistan 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün insan haqlarını tapdalamaqda davam edir. Bu insanlar Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkünə çevrilmişlər.
Qondarma “Dağlıq Qarabağ Respublikası” adlı qanunsuz ərazinin mövcudluğu faktının özü də beynəlxalq hüquq normalarının kobud surətdə pozulmasıdır. Həmin əraziyə monitorinq, beynəlxalq nəzarət yoxdur. Beynəlxalq təşkilatlar üçün həmin bölgədə hətta ən adi imkanlar yoxdur ki, Avropanın bu hissəsində hadisələrin necə cərəyan etdiyini müşahidə etmək mümkün olsun. Bu ərazi hüquqi baxımdan Azərbaycanın bir hissəsidir. Əslində isə, hərbi rejimin əlindədir. Hamı bilir, beynəlxalq ictimaiyyət üçün də gizli deyil ki, Dağlıq Qarabağ müxtəlif növ beynəlxalq terrorçuların və digər kriminal ünsürlərin sığınacaq yerinə çevrilmişdir. Biz buna son qoymalıyıq. Avropa Şurasının üzvü olan Ermənistan bu beynəlxalq qurumun digər üzvünün - Azərbaycanın ərazisini işğal altında saxlamaqda davam edir. Bunun özü də beynəlxalq hüquq normalarının kobud surətdə pozulması deməkdir.
Biz hamımız ümid edirik ki, Avropa Şurası ciddi əməli addımlar atacaq, Ermənistanı məcbur edəcək ki, təcavüzkar ordusunu Azərbaycanın zəbt olunmuş ərazilərindən geri çəksin və işğala son qoysun.
Toxunmaq istədiyim digər bir məsələ isə budur ki, Ermənistan artıq regionun sabitliyi üçün daha ciddi təhlükə mənbəyinə çevrilməyə başlayır. Avropa Şurası Parlament Assambleyasının 47 üzvü məlum bir sənədi imzalamışdır. Bu sənədlə onlar narahatlıqlarını bildirirlər ki, indiyə qədər Gürcüstanda yerləşən Rusiya hərbi bazalarından silahlar həmin ölkənin Ermənistandakı bazalarına daşınır. Ona görə də, elə bilirəm ki, bunu edərək, Ermənistan ölkənin və cəmiyyətin millitarizasiyası üçün daha bir addım atmışdır.Bunun çox təhlükəli sonluğu ola bilər. Biz qüvvələr balansını izləməkdə davam edəcəyik.
Deyilənlərin hamısını, lord Conston Rasselin çıxışında vurğuladığı kimi, Ermənistan parlamentində siyasi opponentlərin qətlə yetirilməsi faktını, onların Ermənistan həbsxanalarında öldürülməsini, lap elə sonuncu prezident seçkiləri ərəfəsində siyasi mövzuda yazan jurnalistlərə qarşı sui-qəsdləri nəzərə alsaq, Ermənistandan azad və ədalətli seçkilər gözləməyə dəyməz. Xüsusilə də nəzərə alın ki, prezidentliyə namizədlərdən birinin seçki kampaniyasının rəhbəri müdafiə naziri olmuşdur. Sağ olun.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq