SİYASƏT
AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEVİN BAŞÇILIĞI İLƏ NÜMAYƏNDƏ HEYƏTİ SABAH STRASBURQA SƏFƏRƏ YOLA DÜŞƏCƏKDİR
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri, AŞPA-nın sədr müavini və Büro üzvü İlham Əliyevin başçılığı ilə nümayəndə heyətinin üzvləri beynəlxalq qurumun yaz sessiyasında iştirak etmək üçün martın 29-dan aprelin 5-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nümayəndə heyətinin tərkibinə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, deputatlar Əli Hüseynov, Gültəkin Hacıyeva, Nairə Şahtaxtinskaya, Əli Abbasov, Vaqif Vəkilov, Rəfail Hüseynov, Bəxtiyar Əliyev, Azər Kərimli, Qulamhüseyn Əlibəyli, Asim Mollazadə və aparatın beynəlxalq münasibətlər şöbəsinin müdiri Azər Qasımov daxildirlər.
AŞPA-nın yaz sessiyasında İraqda böhran, Çeçenistanda vəziyyət, Ermənistanda prezident seçkilərinin nəticələri, Azərbaycan, İsveç və başqa ölkə nümayəndələrinin Avropa İnsan Haqları Məhkəməsinə hakim seçilmələri, Xəzər dənizi regionunda enerji ehtiyatlarının istismarı, miqrasiya siyasəti barədə məsələlər müzakirə olunacaqdır.
Nümayəndə heyətimizin üzvləri müzakirəyə çıxarılacaq məsələlərə Azərbaycan tərəfinin münasibətini və mövqeyini bildirəcəklər.