SİYASƏT
AŞPA SƏDRİNİN MÜAVİNİ VƏ BÜRO ÜZVÜ İLHAM ƏLİYEV ABŞ-IN LİNKOLN UNİVERSİTETİ DİREKTORLAR ŞURASININ SƏDRİNİ QƏBUL ETMİŞDİR
AŞPA sədrinin müavini və Büro üzvü İlham Əliyev mayin 8-də ABŞ-ın Linkoln Universiteti Direktorlar Şurasının sədri professor Allen Samsonu qəbul etmişdir.
Səmimi şəraitdə keçən görüşdə Allen Samson bildirdi ki, səfərinin məqsədi Linkoln Universitetinin Direktorlar Şurası adından Azərbaycan Prezidenti Heydər Əliyevə bu universitetin fəxri doktoru diplomunu təqdim etməkdir. Qonaq vurğuladı ki, Azərbaycan Prezidenti Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən bu məşhur universitetin fəxri doktoru adına Xəzər dənizindəki enerji mənbələrinin inkişafı və istifadəsi, Azərbaycan iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan “Əsrin müqaviləsi”nin imzalanması, Mərkəzi Asiyadan və Xəzər dənizindən neftin dünya bazarlarına nəqli üçün Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsinin gerçəkləşməsi, habelə Cənubi Qafqazda siyasi sabitlik və iqtisadi tərəqqi əldə olunması sahəsində misilsiz xidmətlərinə görə layiq görülmüşdür.
Qonaq daha sonra dedi ki, ABŞ-ın qocaman təhsil ocaqlarından olan Linkoln Universitetinin bir əsrlik tarixi var. Universitet beynəlxalq miqyasda fəaliyyət göstərən biznesmenlər, iqtisadçılar, rəsmi dövlət işçiləri və yüksək ixtisaslı elmi kadrlar hazırlamaq sahəsində böyük ənənəyə və təcrübəyə malikdir. Burada dünyanın bir çox ölkələrindən tələbələr təhsil alır. Hazırda onların arasında Azərbaycandan gəlmiş tələbələr də var.
Allen Samson Azərbaycana ilk səfərindən məmnun qaldığını, ölkəmizdə geniş quruculuq işlərinin, iqtisadi tərəqqinin və möhkəm ictimai-siyasi sabitliyin şahidi olduğunu söylədi.
İlham Əliyev ölkəmiz haqqında xoş sözlərinə görə qonağa təşəkkür edərək bildirdi ki, son illər qazanılmış böyük nailiyyətlər, uğurla həyata keçirilən islahatlar, neft strategiyası Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə yaradılmış ictimai-siyasi sabitliyin nəticəsidir. İndi Azərbaycan bölgədə nüfuzlu dövlətlərdən biri olaraq, ABŞ və Qərb üçün mühüm tərəfdaşa çevrilmişdir.
Daha sonra İlham Əliyev Azərbaycanın iqtisadi həyatında gedən mühüm proseslər, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin həyata keçirilməsi, ölkə iqtisadiyyatının digər sahələrində əldə olunmuş uğurlar barədə qonağa ətraflı məlumat verdi.
Foto Oqtay Aydınoğlunundur