SİYASƏT


AŞPA-da Azərbaycanda qaçqın və məcburi köçkünlərin taleyinə dair müzakirələr aparılıb VİDEO

Strasburq, 24 iyun, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyası çərçivəsində qaçqın, məcburi köçkün və itkin düşmüş insanların taleyi ilə bağlı dinləmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, dinləmələr Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə alt-komitəsinin qurumun “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı 2214 saylı qətnaməsinə hazırlıq çərçivəsində təşkil olunub. Bəzi ölkələrdə, eləcə də Azərbaycanda qaçqın və məcburi köçkünlərin, eləcə də itkin düşmüş insanların taleyinə dair müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, qaçqın və məcburi köçkün məsələsinin həlli ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində dövlət və hökumətimizin həyata keçirdiyi layihələrdən, gördüyü tədbirlərdən söz açan F.Hüseynov qeyd edib ki, doğma yurdundan didərgin düşmüş insanların yerləşdirilməsi üçün yeni yaşayış məntəqələri salınır. Buna baxmayaraq, onlar daim öz doğma yurdlarına dönmək ümidi ilə yaşayırlar.

Qaçqın və məcburi köçkünlərin hüquqlarından danışan F.Hüseynov Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı qərarını xatırladaraq, məcburi köçkünlərin hər görüşdə doğma yurdlarına nə vaxt qayıdacaqları ilə bağlı suallar verdiyini qeyd edib. Ümid etdiyini bildirib ki, onların suallarına tezliklə cavab vermək mümkün olacaq.

Tədbirdə iştirak edən erməni deputatı yenə də yalanlarla dolu çıxış etmək istəsə də, konfransın sədri onu dayandırıb.

AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin üzvü, Polşadan olan deputat Killion Munyama ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı son yeniliklərlə maraqlanıb.

Dinləmələrdə məcburi köçkün, itkin düşmüş insanların taleyi ilə bağlı narahatlıq ifadə edilib, onların ailə üzvlərinin gözləntilərinə cavab verilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.