SİYASƏT


AŞPA-da Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

Strasburq, 22 iyun, AZƏRTAC

Bu gün xalqlar və mədəniyyətlər arasında dialoqun qurulması bəşəriyyətin müxtəlif mədəniyyətlərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Tolerantlıq ənənələri ilə zəngin ölkələrin təcrübəsi nümunə ola bilər. Azərbaycanda bir sıra xalqların və dini konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşaması özünəməxsus tolerantlıq nümunəsidir.

Azərbaycanda islamla yanaşı xristianlıq və yəhudilik mövcud olub və mövcuddur. Müxtəlif dinlərdən, etnik qruplardan olan insanlar başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə hörmətlə yanaşmalı, başqa dinlərin adət-ənənələrinə qarşı səbirli olmalıdırlar.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva qurumun yay sessiyası çərçivəsində “Avropada antisemitizmin qarşısının alınması və ona qarşı mübarizə” adlı məruzənin müzakirələri zamanı söyləyib. Bildirib ki, ölkədəki yəhudi icmasının qədim ənənələrə malik olan mədəni irsinə Azərbaycan hökuməti tərəfindən böyük diqqət göstərilir. Quba rayonundakı yəhudilərin sıx məskunlaşdığı Qırmızı Qəsəbədən söz açan deputat ölkəmizdəki yəhudi icmalarına Azərbaycan dövlətinin diqqət və qayğısından danışıb. Azərbaycan Prezidentin təşəbbüsü ilə yeni sinaqoqların tikilməsinin bunun bariz nümunəsi olduğunu deyib.

Vurğulayıb ki, bu gün Azərbaycanda yəhudilər antisemitizmdən uzaq tolerant mühitdə yaşayırlar. Yəhudilər bütün tarixi dövrlərdə və hətta anti-semitizmin tüğyan etdiyi zamanlarda da özlərini ölkəmizdə böyük ailənin bərabərhüquqlu üzvü kimi hiss ediblər və edirlər. Azərbaycan xalqı yəhudi əsilli həmvətənlərimizlə dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamışlar.

Tarix boyu Azərbaycanda müxtəlif dillərdə danışan, müxtəlif dinləri təmsil edən insanlar bir ailə kimi sülh, əmin-amanlıq, qarşılıqlı hörmət şəraitində yaşayıblar.

Deputat dövlətlərin və beynəlxalq təşkilatların böyük səylərinə baxmayaraq, Avropada dini zorakılıqların artmasının müşahidə olunduğunu bildirərək, bütün bunların artan kimlik gərginliyi, ifrat sağçı, radikal, populist hərəkatların populyarlığı fonunda baş verdiyini deyib. Bu gün bəzi separatçı qrupların öz fəaliyyətlərində haqlı olduqlarını sübut etmək üçün dini amillərdən istifadə etdiyini xatırladıb. Bütün bunlar təkcə yəhudilərə deyil, həm də müsəlmanlara qarşı təcavüzün artmasına səbəb olur. Qeyd edilib ki, müasir dünyada iqtisadi, ekoloji, demoqrafik problemlərlə yanaşı, mənəvi-əxlaqi dəyərlərə diqqət verilmədiyindən mənəviyyat zədələnir.

Deputat qloballaşan müasir dünyada qərəzlərdən, siyasi və digər səbəblərə görə tətbiq olunan stereotiplərdən, nifrət və nifrət çıxışlarından uzaqlaşmaq üçün hər kəsi obyektiv yanaşmaya çağırıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.