SİYASƏT


AŞPA-da Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə bağlı panel iclası keçirilib VİDEO

Strasburq, 9 aprel, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin və ölkəmizin AŞPA yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanın işğal olunmuş ərazilərində və onlara münasibətdə qanunsuz fəaliyyətlər: Avropa Şurası qarşısında götürülmüş öhdəliklər baxımından nəticələr” adlı panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda ölkəmizin ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olması ilə bağlı ətraflı məlumat verilib. Ermənistanın torpaqlarımızı işğal etməsinə dair faktlar təqdim olunub. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun ermənilər tərəfindən talan edilməsi, həmin ərazilərdə qeyri-qanuni fəaliyyət göstərilməsi pislənilib. İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətin dayandırılması ilə bağlı çağırışlar edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun moderatorluğu ilə keçirilən panel iclasında ölkəmizin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında daimi nümayəndəsi Çingiz Əsgərov, Beynəlxalq Hüquq İnstitutunun üzvü, İtaliyanın Guido Carli LUİSS Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər.

Tədbirdə beynəlxalq təşkilatların Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı qəbul etdiyi qətnamə və qərarlardan, beynəlxalq hüququn pozulan norma və prinsiplərindən söz açıblar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarından danışılıb.

AŞPA-nın gələcək sessiyaları çərçivəsində də belə tədbirlərin təşkilinin davam etdiriləcəyi bildirilib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.