SİYASƏT


AŞPA-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki alternativ enerji mənbələrindən danışılıb

Strasburq, 24 iyun, AZƏRTAC

AŞPA-nın yay sessiyası çərçivəsində keçirilmiş sərbəst debatlarda qurumdakı nümayəndə heyətimizin üzvü Sevinc Fətəliyeva çıxış edərək, bərpa olunan enerji, iqlim böhranı, Regional Enerji Strategiyasının əsas rol oynadığı “Yaşıl Sövdələşmə” proqramından danışıb.

AZƏRTAC xəbər verir ki, deputat pandemiyanın qlobal iqtisadiyyatda yaratdığı durğunluğa toxunaraq, onun bərpa olunan enerji istehsalının artmasına səbəb olmasının gələcəkdə alternativ enerji mənbələrinin artan rolunu əyani şəkildə nümayiş etdirdiyini bildirib.

Qeyd edib ki, bu gün bərpa olunan enerji mənbələri mövzusu bütün dünyanı maraqlandırır. Ekoloqlar iqlim böhranını dayandırmaq üçün ölkə başçılarını tez bir zamanda yaşıl texnologiyalara keçməyə çağırırlar. Avropa İttifaqı da daxil olmaqla bir çox ölkələr artıq Regional Enerji Strategiyasının (RES) əsas rol oynadığı “Yaşıl Sövdələşmə” proqramlarını həyata keçirməyə başlayıblar.

Diqqətə çatdırıb ki, bu gün Azərbaycan bərpa olunan enerji mənbələrinə məqsədyönlü keçid həyata keçirir. Bərpa olunan enerjinin inkişafı ölkəmiz üçün prioritet məsələdir. Ənənəvi enerji mənbələrindən neft, qaz və kömürdən dərhal imtina edərək, elektrik enerjisinin istehsalının ənənəvi üsullarından ekoloji cəhətdən təmiz üsullara sürətlə keçmək, mümkün olmadığını deyən azərbaycanlı deputat ölkəmizin mümkün proporsiya və real tempi saxlamaqla ənənəvi üsullardan yeni üsullara rəvan keçid strategiyasını qəbul etdiyini deyib. “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa olunan enerji ilə bağlı böyük potensial var. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin alternativ enerji potensialına demək olar ki, bütün növ bərpa olunan enerji mənbələri, o cümlədən su, günəş, külək və geotermal enerji daxildir. Azərbaycanın içməli su mənbələrinin 25 faizi Qarabağda cəmləşib ki, bu da Qarabağın nəhəng hidroenergetika potensialından danışmağa əsas verir. Qarabağın enerji təminatı bərpa olunan enerji mənbələri hesabına təmin ediləcək”,- deyən S. Fətəliyeva işğaldan azad edilmiş torpaqlarda alternativ enerji sahəsində həyata keçirilmiş layihələrdən söz açıb. Qeyd edib ki, Azərbaycan hökumətinin məqsədi 2050-ci ilə qədər regionu tamamilə yaşıl enerji zonasına çevirmək, həmçinin karbon qazı emissiyasını 40 faiz azaltmaqdır.

Vurğulayıb ki, 2030-cu ilə qədər Azərbaycanda elektrik enerjisi istehsalının 30 faizi bərpa olunan enerji mənbələrinin payına düşəcək. Azərbaycanda bərpa olunan enerji mənbələrinin potensialının 37 000 MVt olduğu təxmin edilir. Bunun ən çox hissəsinin 2020-ci ildə Ermənistan işğalından azad edilmiş ərazilərdə olduğunu diqqətə çatdırıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.