SİYASƏT
AŞPA-da “Xarici investisiyaların qorunması ilə bağlı müqavilələrdə insan hüquqlarının müdafiəsi” adlı hesabat qəbul edilib
Strasburq, 27 yanvar, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında “Xarici investisiyaların qorunması ilə bağlı müqavilələrdə insan hüquqlarının müdafiəsi”nə dair hesabatın müzakirəsinə qatılan Azərbaycan nümayəndə heyətinin sədr müavini Vüsal Hüseynov qurumda təmsil etdiyi Avropa Xalq Partiyası adından çıxış edib.
V.Hüseynov hesabatda yaradılması təklif edilən və parlamentarilər tərəfindən birmənalı qəbul olunmayan investisiya məhkəmə sisteminin əhəmiyyətinə toxunaraq, onun fəaliyyətinin təmin edilməsinin təkcə Avropa ölkələri deyil, digər, xüsusilə xarici investisiyaların inkişaf üçün zəruri olduğu kiçik ölkələr üçün də vacibliyini vurğulayıb.
Deputat bildirib ki, təklif edilən investisiya məhkəmə sistemi mübahisələrin həlli istiqamətində ənənəvi investisiya arbitrajları ilə milli məhkəmələrin yaxşı tərəflərini əhatə edən kompromis həll yoludur. O, bu prosesdə, həmçinin mövcud ənənəvi investisiya arbitrajlarının və yerli məhkəmələrin gücləndirilməsinin zərurətindən danışıb. Mövcud investisiya arbitraj sisteminin demokratik proseslərlə və Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edilmiş bir sıra müddəalarla uyğunsuzluğunu diqqətə çatdırıb. Müzakirələrin sonunda hesabat böyük səs çoxluğu ilə qəbul edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq