SİYASƏT
AŞPA-da pandemiyaya qarşı mübarizədə Azərbaycanın müsbət təcrübəsindən danışılıb
Strasburq, 23 iyun, AZƏRTAC
AŞPA-nın yay sessiyası çərçivəsində “COVID-19 pandemiyasının yaratdığı sosial-iqtisadi böhranın aradan qaldırılması” mövzusunda məruzənin müzakirələrinə onlayn formatda qoşulan Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Könül Nurullayeva pandemiyanın qlobal iqtisadiyyata, eləcə də ölkələrin sosial və iqtisadi durumuna vurduğu ziyandan danışıb.
AZƏRTAC xəbər verir ki, azərbaycanlı deputat çıxışında pandemiyanın yaratdığı sosial-iqtisadi böhranla mübarizəsi çərçivəsində Azərbaycanın müsbət təcrübəsindən bəhs edib. K.Nurullayeva Azərbaycan dövlətinin Vətən müharibəsində iştirak etmiş qazilər, şəhidlərin ailə üzvləri, xüsusilə ailə başçısını itirmiş şəhid ailələri üçün nəzərdə tutduğu sosial dəstək və təminat barədə avropalı həmkarlarını məlumatlandırıb.
Deputat, həmçinin ölkəmizdə iqtisadiyyatın dirçəldilməsi istiqamətində görülən işlərdən, işsizlik səviyyəsinin minimuma endirilməsi və yeni iş imkanlarının yaradılması üçün dövlət büdcəsindən kiçik sahibkarlar və yeni yaradılmış müəssisələrə, eləcə də pandemiyadan ən çox zərər çəkmiş sektorlarda fəaliyyət göstərən işçilərə ayrılan maddi yardım planından da danışıb.
Dünya ölkələri və beynəlxalq qurumlar pandemiyanın səbəb olduğu qlobal sosial-iqtisadi böhranı dəf etmək üçün səyləri birləşdirərək, özünü müdafiə etmək imkanı olmayan bir sıra ölkələrə və həssas qruplara dayaq olmağa çağırılıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq