SİYASƏT
AŞPA komitəsinin onlayn görüşlərində Sevinc Fətəliyevanın hazırladığı məruzə ətrafında müzakirələr aparılacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyevanın rəhbərliyi ilə “Autizmli insanlara və onların ailələrinə dəstək vermək” adlı məruzənin hazırlanması çərçivəsində AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin faktaraşdırıcı missiyasının onlayn görüşləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, görüşlər çərçivəsində sentyabrın 10-11-də Sevinc Fətəliyevanın hazırladığı məruzə ətrafında müzakirələr aparılacaq. Məruzənin tamamlaması məqsədilə bir sıra görüşlər keçiriləcək.
“Autizmli insanlara və onların ailələrinə dəstəyin verilməsi” adlı məruzədə hazırkı pandemiya şəraitinin autizm sindromlu şəxslərin müalicə almaq, iş tapmaq və iş yerini itirməmək imkanlarına təsiri araşdırılır.
Mövzu ətrafında Birləşmiş Krallığın autizm üzrə parlament qrupunun üzvləri, deputatlar, həmçinin bu ölkənin Autizm və Təhsil üzrə Tədqiqat Mərkəzinin, Təhsil Departamentinin, Səhiyyə Departamentinin, Milli Autistik Cəmiyyətinin, Autizm Araşdırma Mərkəzinin və digər qurumların rəhbər şəxsləri və ekspertləri müzakirələr aparacaqlar.