CƏMİYYƏT
AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Bakıda bir qrup tələbə ilə görüşüb
Bakı, 23 noyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın mövqeyi möhkəmdir və daha da möhkəmlənəcək.
AZƏRTAC xəbər verir ki, bu fikir ölkəmizdə səfərdə olan AŞPA-nın Avropa Mühafizəkarları Qrupunun sədri Yan Liddel-Qrenqerin Siyasi Psixologiya Mərkəzində bir qrup tələbə ilə görüşündə səsləndirilib.
Görüşdə Yan Liddel-Qrenqer və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizin qurumdakı fəaliyyəti barədə məlumat veriblər. Qeyd edilib ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Nümayəndə heyətimiz AŞPA-nın toplantılarında fəal iştirak edərək müzakirə olunan məsələlərə öz mövqeyini bildirir.
Yan Liddel-Qrenqer azərbaycanlı tələbələrlə görüşməyin onun üçün böyük şans olduğunu vurğulayıb. “Çünki Azərbaycanın gələcəyini müəyyən edən insanlarla söhbət etmək, onların hadisələrə yanaşmasını öyrənmək fürsəti əldə etmişəm”, - deyə o bildirib.
Görüşdə dünyada baş verən siyasi proseslərlə bağlı müzakirələr də aparılıb.