SİYASƏT


AŞPA-nın Bərabərlik və ayrı-seçkilik komitəsinin onlayn iclası olub

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də AŞPA-nın Bərabərlik və ayrı-seçkilik komitəsinin onlayn iclası keçirilib. İclasda “Xarici siyasətin gender ölçüsü”, “Namus” cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi”, “COVID-19 böhranının qadın hüquqlarına təsiri” və digər aktual mövzularda məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, iclasda ölkəmizi təmsil edən Milli Məclisin deputatı, AŞPA-nın Bərabərlik və ayrı-seçkilik komitəsinin üzvü Könül Nurullayeva çıxış edərək iştirakçıların diqqətini qadınlara qarşı törədilən “namus cinayətləri”nə yönəldib. Deputat bunu insan hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirib. Qeyd edib ki, bu cür cinayətkarlar öz əməllərinə bəraət qazandırmaq məqsədilə guya ailələrində əxlaq dəyərlərini qorumaq naminə bu addımı atdıqlarını iddia edirlər. Lakin bu cinayətlər, heç şübhəsiz, qadınlara qarşı ayrı-seçkiliyin ən dəhşətli nəticələrindən biridir.

K.Nurullayeva “namus cinayətləri”nin həm kişilərə, həm də qadınlara qarşı törədilməsinə baxmayaraq, qadınların daha çox təhlükə riski altında olduğunu qeyd edib. Belə cinayətlərin əsasən ailələrdə baş verdiyini vurğulayan Milli Məclisin deputatı diqqətə çatdırıb ki, İstanbul Konvensiyası və 1681 saylı Qətnamə qadınlara qarşı "namus cinayətləri"ni pisləsə də, hələ də Avropada bu cür zorakılıq hallarına yol verilməsi, beynəlxalq konvensiyanın tələblərinin kobud şəkildə pozulması faktlarına rast gəlinir və əksər hallarda cinayətlər ailələr tərəfindən gizlədildiyindən və dövlətlərin bu cinayətləri daha az ciddiyə almasına görə ölkələrin statistikaları da dəqiq deyil.

Deputat vəziyyətdən çıxış yolu kimi, ilk növbədə, bu qəbildən olan cinayətlərə qarşı daha sərt və təsirli qanunların qəbul edilməsinin vacibliyini təklif edib. Eyni zamanda, KİV-lərin cəmiyyətə təsir imkanlarını nəzərə alaraq, media etikası və ictimai məlumatlılığın artırılmasına paralel olaraq, hüquq-mühafizə sisteminin səmərəliliyini artırmaq və bu cinayətlərin qarşısının alınması və effektiv təqibi üçün təlimlərin keçirilməsini nəzərdə tutan proqramların qəbul olunmasını məqsədəuyğun hesab edib. Bildirib ki, qurbanları qorumaq və dəstəkləmək üçün müvafiq sosial iş və digər müdafiə mexanizmləri də daxil olmaqla, zərərçəkənlərin kompleks müdafiəsi mexanizmləri mövcud olmalıdır. K.Nurullayevanın fikrincə, “namus” ifadəsinin mühafizəkar cəmiyyətlərdə xüsusi həssaslıqla qarşılanması əslində təhlükənin miqyasını daha da genişləndirir. Odur ki, cinayət əməli heç bir halda “şərəf” və “namus” ifadələri ilə assosiasiya olunmamalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.