CƏMİYYƏT
AŞPA-nın komitə iclasında ətraf mühitin qorunması ilə bağlı Azərbaycanın təcrübəsindən bəhs olunub
Bakı, 21 aprel, AZƏRTAC
AŞPA-nın yaz sessiyası çərçivəsində Bərabərlik və antidiskriminasiya komitəsinin təhlükəsiz və sağlam ətraf mühit hüquqlarına malik olmaq yolunda bərabərsizliklə mübarizə mövzusunda onlayn iclası keçirilib. İclasda əsas diqqət insanların ətraf mühit hüquqlarının qorunması məsələsinə yönəlib.
AZƏRTAC xəbər verir ki, iclasda ölkəmizi təmsil edən Milli Məclisin deputatı Könül Nurullayeva iqlim dəyişiklikləri ilə bağlı ədalət, bərabərlik, ətraf mühitlə cəmiyyətin sintezi məsələləri fonunda bəzi ölkələrin, xüsusilə məcburi köçkün və qaçqın icmalarının ətraf mühit bərabərsizliklərinin acınacaqlı nəticələrindən daha çox təsir görklərini qeyd edib. Təşkilatlar tərəfindən iqlim təsirlərinin dəqiqliklə qiymətləndirilməsinin vacibliyini diqqətə çatdıran deputat bildirib: “Təşkilatlar iqlim riski və həssaslıq dəyərləndirmələrinə əsasən, ən çox təsirə məruz qalan qruplarla bağlı baza məlumatlarına malik olmalıdırlar. Sözügedən həssas qruplar iqlim davamlılığının planlaması üzrə həyata keçirilən tədbirlərin iştirakına birbaşa cəlb edilməlidir”.
Milli Məclisin deputatı Azərbaycanın bu sahədə təcrübəsini də auditoriya ilə bölüşüb. Qeyd edib ki, Azərbaycan hökuməti ətraf mühitin qorunması məsələsini prioritet istiqamət kimi 2020-2025-ci illəri əhatə edən Milli Fəaliyyət Planına daxil edib, eyni zamanda, bərpaolunan enerji mənbələrinə keçid üçün layihələr reallaşdırılır, erməni işğalından azad edilmiş Zəngilan rayonunun Ağəli kəndində Azərbaycanın ilk “ağıllı kənd” layihəsinin icrasına başlanıb. “Ağıllı kənd” konsepsiyalarının inkişafı nəinki birbaşa olaraq ətraf mühit, eyni zamanda, ucqar kənd əhalisinin və qadınların əksəriyyət təşkil etdiyi 1 milyona yaxın soydaşımızın ekoloji və ətraf mühit bərabərliyi hüquqlarını da bərpa edəcək”, - deyən deputat milli platformalarla yanaşı, Paris sazişi, Kyoto protokolu, AŞPA-nın 2210 və 2307 saylı qətnamələri də daxil olmaqla, baza sənədlərinin icra və tətbiqetmə mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.