SİYASƏT
AŞPA-nın payız sessiyası işə başlayıb

Strasburq, 27 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası işə başlayıb. Azərbaycan nümayəndə heyətinin üzvləri də sessiyaya qatılıblar.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və üzvləri - deputatlar Erkin Qədirli, Tural Gəncəliyev, Rafael Hüseynov, Nigar Arpadarai və Kamal Cəfərov sessiyada iştirak edirlər.
AŞPA-nın payız sessiyası çərçivəsində qurumun Büro və Daimi komitələrinin hesabatları təqdim olunacaq, Bolqarıstanda və Moldovada keçirilmiş parlament seçkilərinin nəticələri barədə məlumat veriləcək. Toplantıda sosial-iqtisadi bərabərlik, gender bərabərliyi, iqlim dəyişikliyi ilə bağlı məsələlər barədə, ətraf mühit, insan hüquqları və digər mövzularda fikir mübadiləsi aparılacaq.
Sessiyada, həmçinin Ermənistanla Azərbaycan arasında münaqişənin humanitar nəticələri ilə bağlı məsələ müzakirə olunacaq.
Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov Genişləndirilmiş əməkdaşlığa və elektron sübutların açıqlanmasına dair Kibercinayətkarlıq Konvensiyasına 2-ci Əlavə Protokol layihəsini təqdim edəcək.
Payız sessiyasında qurumun komitələrinin və siyasi qruplarının iclasları keçiriləcək.
Ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri sessiyada müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcəklər.
Sessiya sentyabrın 30-da başa çatacaq.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq