SİYASƏT


AŞPA-nın sessiyasında Ermənistanın hərbi təcavüzü nəticəsində əlil olmuş azərbaycanlılardan danışılıb VİDEO

Strasburq, 24 yanvar, AZƏRTAC 

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə minlərlə insan əlil olub. Əlillərin işlə təminatı üçün qanunvericilikdə bir sıra önəmli dəyişikliklər edilib. Məşğulluq haqqında qanun və proqramlarda əlillərin işlə təminatı məsələsi ən önəmli prioritetlərdəndir. Hər il Qarabağ müharibəsi əlilləri də daxil olmaqla, yüzlərlə əlil dövlət tərəfindən pulsuz mənzillə təmin olunur.

Bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva qurumun qış sessiyası çərçivəsində “İşə qəbulda ayrı-seçkilik” və “Fiziki məhdudiyyətli inklüziv işçi qüvvəsi üçün” adlı məruzələrin müzakirəsi zamanı söyləyib. O bildirib ki, üzv ölkələr sağlamlıq imkanları məhdud olan insanların təhsili, onların işlə təminatı istiqamətində səylərini daha da artırmalıdırlar. Fiziki məhdudiyyətli insanların təhsili, onların hər hansı bir peşəyə yüksək səviyyədə yiyələnməsinə dəstək proqramları artırılmalıdır. Bu, onların işlə təminatını asanlaşdıran başlıca amillərdən biridir.

Deputat məruzəçinin üzv ölkələrə çağırışlarını dəstəklədiyini söyləyib. Bu mövzuların ölkəmizdə xüsusi diqqət mərkəzində olduğunu, sağlamlıq məhdudiyyəti olan insanların təhsili, işlə təminatı, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik, həm də hökumət səviyyəsində ciddi addımlar atıldığını diqqətə çatdırıb. “Məruzədə üzv ölkələrə edilən çağırışlar arasında bu mövzuda əhalinin maarifləndirilməsi, təbliğatın rolu xüsusi vurğulanır ki, biz bunu dəstəkləyirik. Əlillərin əmək bazarında iştirakının təşviqində qeyri-hökumət təşkilatlarının oynadığı önəmli rolu nəzərə alaraq bu cür təşkilatların maliyyə vəsaiti ilə dəstəklənməsi artırılmalıdır. Ölkəmizdə məruzədə qeyd olunan məsələlərə xüsusi diqqət verilir. Əlilliyi olan şəxslərin qeyri-hökumət təşkilatları yaradaraq əlillərlə bağlı çalışması dəstəklənir. Eyni zamanda, əlillərin yaratdığı, eləcə də əlillərlə bağlı layihələr həyata keçirən təşkilatların fəaliyyətinə maliyyə dəstəyi göstərilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə hər il əlillərlə bağlı yüzlərlə layihənin həyata keçirilməsi üçün qeyri-hökumət təşkilatlarına dəstək göstərilir”, - deyə Q.Paşayeva bildirib.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.