SİYASƏT
AŞPA-nın yaz sessiyası çərçivəsində Türkiyədə baş vermiş zəlzələyə həsr edilmiş sərgi açılıb VİDEO
Strasburq, 24 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası çərçivəsində bu ilin fevralında Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələləri əks etdirən fotoşəkillərdən ibarət sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi AŞPA-dakı Türkiyə nümayəndə heyəti tərəfindən Avropa Sarayında təşkil olunub.
Sərgidə nümayiş olunan fotolar həm əsrin təbii fəlakəti ilə bağlı məlumatların daha geniş ictimaiyyətə çatdırılmasına, həm də quruma üzv ölkələrin göstərdiyi həmrəyliyin nümayişinə xidmət edir.
Ekspozisiyada üzv dövlətlərin, o cümlədən Azərbaycanın qardaş ölkəyə yardım üçün göndərdiyi nümayəndə heyətlərinin fotoları da yer alır.
Sərginin açılışında Avropa Şurası Parlament Assambleyasının sədri Tini Kox, eləcə də üzv dövlətlərin qurum yanında akkreditə olunmuş daimi nümayəndələri, Parlament Assambleyasındakı nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, bu il fevralın 6-da baş vermiş 7,7 və 7,6 bal gücündə iki zəlzələ böyük dağıntılara və 50 mindən çox insanın ölümünə, milyonlarla insanın evsiz qalmasına səbəb olub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq