SİYASƏT


AŞPA sessiyasında “Şuşa İli”ndən danışılıb

Strasburq, 28 yanvar, AZƏRTAC

Dövlətimizin başçısının Sərəncamı ilə 2022-ci il Azərbaycanda “Şuşa İli” elan edilib. Bu, sadəcə, təqvim hadisəsi, yaxud bir ölkəyə aid məsələ deyil. Bu mövzunun dərin ictimai-siyasi, iqtisadi və əlbəttə ki, mühüm tarixi-mənəvi mənası var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun qış sessiyası çərçivəsində keçirilən sərbəst debatlarda ifadə edib. O bildirib ki, azərbaycanlılar üçün xüsusi əhəmiyyət daşıyan Şuşanın təməli 270 il əvvəl böyük sərkərdə və dövlət xadimi Pənahəli xan tərəfindən qoyulub, bu şəhər həmişə Qarabağın rəmzi sayılıb. 2020-ci ildə 30 ilə yaxın müddətdə işğal altında qalmış ərazilərini 44 günlük müharibədə azad edən Azərbaycan xalqı hər il noyabrın 8-də daim iftixar və sevinclə qeyd edəcəyi Zəfər Günü qazandı. Noyabrın 8-i müharibənin bitdiyi gün deyil, Şuşanın azad olunduğu gündür. Qarabağın rəmzi olan Şuşanın azad edilməsi azərbaycanlılar üçün elə Qarabağın işğaldan qurtulması demək idi. Bu, nəticə etibarilə məhz belə də oldu. Bu hadisə Şuşanın, sadəcə, bir şəhər deyil, məhz bu rəmzi və açar şəhərin bütün Qarabağı təmsil etdiyini bir daha sübut edir. Şuşa və Qarabağ bu gün nəhəng bir tikinti meydançasını xatırladır. Burada gecə-gündüz fasiləsiz iş gedir. 30 il boyunca dağıdılmış ərazilərə qısa müddətdə yeni həyat vermək, 30 il buralara qayıtmaq həsrəti ilə yaşayan məcburi köçkünlərin dönüşü üçün münasib şərait yaratmaqdan ötrü işlərin məhz belə tempdə görülməsi qaçılmazdır.

“2021-ci ilin avqustunda mən işğaldan azad olunmuş həmin ərazilərdə idim. Belə qəddarlıqla darmadağın edilmiş, xarabazara çevrilmiş ərazilər ən dəhşətli nüvə müharibələrindən sonra yarana bilər. Halbuki, həmin ərazilərdə vaxtilə heç döyüşlər getməmişdi, əhali oradan zorla qovulub çıxarılmışdı. Sanki 30 il ərzində qəsbkarlar bu torpaqlarla təkbaşına döyüşürmüş. Bu ərazilərin işğal altında qaldığı illərdə orada hər il güclü yanğınlar baş verirdi. Baş verənlər təsadüf deyildi. Orada müxtəlif ölkələrdən olan terroristlərin təlim düşərgələrinin yerləşdirilməsindən əlavə, mütəmadi olaraq narkotik vasitə yetişdirilirdi. Hər cür beynəlxalq nəzarətdən kənarda görülən bu işlər onunla yekunlaşırdı ki, məhsul toplanandan sonra iz itirmək üçün əraziləri yandırırdılar. Ermənistanın sabiq cinayətkar rəhbərliyinin törətdiyi digər ağır müharibə cinayətlərinin yanında bunlar da xüsusi yer tuturdu”, - deyə R. Hüseynov bildirib.

Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilərdə indi tamam başqa mənzərə var. Həmin torpaqlar həm də beynəlxalq iqtisadi əlaqələr və əməkdaşlıq meydanına çevrilməkdədir. Bir çox beynəlxalq, eləcə də təşkilatımıza üzv dövlətlərdən olan şirkətlərin səyləri ilə mühüm quruculuq işləri aparılır, Qarabağ yenidən tikilib bərpa edilir. Gələcəkdə burada azad iqtisadi zonanın yaranması da nəzərdə tutulur ki, bu, daha genişmiqyaslı, qarşılıqlı faydaya əsaslanan davamlı əlaqələrin inkişafına həlledici təsir göstərəcək.

“Azərbaycan üçün “Şuşa İli” kimi başlayan 2022-ci il, həmçinin bu gün azad Qarabağda baş verənlər insanlıq tarixinin əbədi həqiqətlərini bir daha nümayiş etdirir və hamının ibrət götürməli olduğu dərsdir. Bu torpaqlar 30 ilə yaxın davam edən qarşıdurma, hərbi münaqişə və müharibədən yaranan xarabalıqlar, həmçinin insan itkisi, insanlar arasında ədavət məkanı idi. İşğalçıdan təmizlənəndən, sülhə qovuşandan sonra bu torpaqlar dirçəlir, illərlə boş qalmış ərazilər müxtəlif ölkələri quruculuq müstəvisində qovuşduran əməkdaşlıq və dostluq meydanına çevrilir.

Azərbaycanın “Şuşa İli” sülh və ya müharibə, əməkdaşlıq yaxud qarşıdurma dilemmasının həmişə məhz birincinin xeyrinə başa çatmasına ən parlaq cavablardan biri olacaq”, - deyə R. Hüseynov qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.