MƏDƏNİYYƏT


A.S.Puşkinin anadan olmasının ildönümü qeyd edilib

Bakı, 6 iyun, AZƏRTAC

Dahi rus şairi A.S.Puşkinin anadan olmasının 219-cu ildönümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti, Rusiyanın ölkəmizdəki səfirliyi və “Sodrujestvo” Cəmiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhərimizin mərkəzində A.S.Puşkinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iştirakı ilə 2001-ci ildə açılmış heykəli önünə gül dəstələri qoyulub. Böyük rus şairinin abidəsi önündə keçirilən tədbirdə şairin həyat və yaradıcılığından, öz əsərləri ilə dünya ədəbiyyatında əbədi iz qoymasından söhbət açılıb.

“Sodrujestvo” Cəmiyyətinin sədri Tatyana Kərimova belə tədbirlərin keçirilməsinin Azərbaycan və Rusiya xalqları arasında dostluq və mədəni əlaqələrin gücləndirilməsində böyük rolu olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri Artyom Brkov, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalıdə Bayramova və digərləri ölkələrimiz arasında mədəni əlaqələrin möhkəmləndirilməsində A.S.Puşkinin doğum gününün qeyd edilməsinin mühüm rol oynadığını bildiriblər. Qeyd edilib ki, rus ədəbiyyatının formalaşması və inkişafında misilsiz xidmətləri olmuş A.S.Puşkin dünyanın bütün xalqları tərəfindən sevilir. Onun çoxsaylı poemaları, şeirləri, nağılları bir çox xalqların dillərinə tərcümə olunub, yaradıcılığında rus xalqının arzuları və zəkası öz parlaq ifadəsini tapıb. Puşkinin əsərləri görkəmli Azərbaycan şairləri və yazıçıları tərəfindən tərcümə olunub. Puşkinin Azərbaycanda sevilməsində bu tərcümələrin rolu böyükdür.

Tədbirdə Səbail rayonundakı orta məktəblərin şagirdləri, tanınmış mədəniyyət xadimləri və şairlər, Azərbaycandakı rus icmasının nümayəndələri çıxış edib, ölməz şairin şeirlərini Azərbaycan, rus, alman, italyan və ingilis dillərində səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.