SİYASƏT


AŞQABADDA EKSPERT QRUPLARININ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 28-29-da Aşqabad şəhərində Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi üzrə ekspert qruplarının görüşü keçirilmişdir. Danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini X.Xələfov, Türkmənistan nümayəndə heyətinə isə bu ölkənin Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə dövlət müəssisəsinin sədri X.Babayev başçılıq etmişdir.

Görüşdə danışıqların bərpa olunması məsələnin həlli istiqamətində mühüm addım kimi qiymətləndirilmişdir. Dostluq və qarşılıqlı anlaşma ruhunda keçən danışıqlar zamanı tərəflər Xəzər dənizinin delimitasiyası ilə bağlı məsələlərin həllinə yanaşma ilə əlaqədar fikir mübadiləsi aparmışlar. Xəzər dənizinin delimitasiyasına yanaşma ilə əlaqədar fikir birliyinə malik olan tərəflərin bölgü prinsipinə münasibətdə mövqelərinin əhəmiyyətli yaxınlaşması meylləri meydana gəlmişdir.

Tərəflər danışıqların mütəmadi davam etdirilməsində israrlı olaraq, növbəti görüşün Bakıda keçirilməsini qərara almışlar. Həmin görüşün tarixi tərəflər arasında diplomatik kanallarla razılaşdırılacaqdır.

Xarici işlər nazirinin müavini X.Xələfov Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri R.Meredov ilə də görüşmüşdür. Görüş zamanı Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional əməkdaşlıq məsələləri geniş müzakirə olunmuşdur. Azərbaycan tərəfi Türkmənistanın Bakıdakı səfirliyinin fəaliyyətinin bərpa edilməsinin arzu olunduğunu vurğulamışdır.

Görüşdə həmçinin qeyd olunmuşdur ki, ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi onların regionda strateji rolunun və tranzit imkanlarının artmasına zəmin yaradacaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.