AŞQABADDA SOYQIRIMI GÜNÜ İLƏ BAĞLI ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyində 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı anma mərasimi keçirilmişdir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin 31 mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı xalqımıza müraciəti iştirakçıların diqqətinə çatdırılmışdır.
Səfir Elxan Hüseynov soyqırımı haqqında geniş məlumat vermiş, tarixi Azərbaycan torpaqlarının əsrlər boyu ermənilər tərəfindən işğal edildiyini və bu torpaqlarda dinc əhalinin xüsusi amansızlıqla qətlə yetirildiyini mərasim iştirakçılarının diqqətinə çatdırmışdır. O qeyd etmişdir ki, xalqımızın başına gətirilən soyqırımların araşdırılmasına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanından sonra başlanmış, qısa müddətdə bu istiqamətdə xeyli iş görülmüşdür.
Mərasim iştirakçıları ermənilərin Bakıda, Sumqayıtda, Azərbaycanın digər bölgələrində, həmçinin qatarlarda və avtobuslarda törətdikləri terror hərəkatlarından nifrətlə danışmışlar.
Sonra mərasim iştirakçılarına soyqırımla əlaqədar məlumatlar toplusu, Heydər Əliyev Fondu tərəfindən çap edilmiş “Qarabağ həqiqətləri” broşürları və digər kitablar paylanmışdır.