İDMAN
ASTARADA MƏKTƏBLİLƏRİN ŞAHMAT BİRİNCİLİYİ KEÇİRİLİR
Yarışlardan əvvəl iştirakçılar Dağlıq Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş astaralıların xatirə kompleksinə gələrək onların xatirəsini yad etmişlər.
Əsaslı təmirdən sonra idmançıların ixtiyarına verilən Astara şahmat məktəbində yarışların açılışı olmuşdur.
Mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon gənclər, idman və turizm idarəsinin rəisi Ərçə Əliyev mərasimdə çıxış edərək yarış iştirakçılarını və qonaqları salamlamış, gənc şahmatçılara qələbə sevincləri arzulamışdır.
“Təhsil” respublika idman mərkəzinin direktoru Cəfər Hümbətov, Astara rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova və rayon icra hakimiyyəti başçısının birinci müavini Məzahim Hüseynov tədbirdə çıxış etmiş, ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, Azərbaycan idmançılarının, o cümlədən şahmatçılarımızın beynəlxalq yarışlarda və Olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən danışmış, Prezident İlham Əliyevin respublikamızda idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirmişlər.
Yarışlarda 30 komanda (16 oğlan və 14 qız) dairəvi sistem üzrə qalib adı uğrunda mübarizəyə qoşulmuşlar.
On gün davam edəcək birinciliyin qaliblərinə diplom və mükafatlar təqdim olunacaqdır.