İQTİSADİYYAT
ASTARA-ASTARA ELEKTRİK XƏTTİ İSTİFADƏYƏ HAZIRDIR
“Azərenerji” SC-nin baş mühəndisi Marlen Əsgərov AZƏRTAC-ın müxbirinə demişdir ki, bütün pillə və komponentlərin yoxlanılması üçün avqustun 21-də 110 kilovoltluq elektrik xəttinin İran ərazisindən keçən hissəsi gərginlik altında saxlanılmışdır. Onun sözlərinə görə, bu xətt 48 saatlıq texniki yoxlama parametrinə uyğun olsa, yardımçı stansiyaya qoşulacaqdır. Bundan sonra xəttin istismara verilməsinin yekun mərhələsi – onun bütün perimetri üzrə fazanın və rele mühafizəsinin sazlanmasına başlanacaqdır.
SC-nin mətbuat mərkəzindən bildirmişlər ki, “Azərenerji” xəttin Azərbaycan hissəsinin çəkilişinə ayrılmış kreditin ödənilməsi hesabına İran şəbəkəsinə ilk günlər 41,8 milyon kilovat-saat elektrik enerjisi verilməsini nəzərdə tutur. Eyni zamanda, yeni xətlə enerji mübadiləsinin cədvəlini mütəxəssislər səviyyəsində razılaşdırmaq qərara alınmışdır.
Yeni elektrik xəttinin tikintisi davam etdiriləcək, Salyan və Əli Bayramlıyadək uzadılacaqdır.
N.Yusifov vurğuladı ki, Astara-Astara xəttinin tikintisi İran ərazisində də davam etdiriləcəkdir. Bu isə Naxçıvan Muxtar Respublikasına elektrik enerjisinin sabit surətdə ötürülməsini təmin etməyə imkan verəcəkdir. Azərbaycan və İran energetiklərinin səmərəli əməkdaşlığının bünövrəsi Prezident Heydər Əliyevin İran İslam Respublikasına sonuncu rəsmi səfərinin gedişində apardığı danışıqlar zamanı qoyulmuşdur.