MƏDƏNİYYƏT
ATAA-nın İdarə Heyətinin 2022-ci ilin birinci yarım illiyinə həsr olunan toplantısı keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Avqustun 12-də Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda ATAA-nın yeni strukturunun yaradılması, Assosiasiyanın postpandemiya dövründə fəaliyyət istiqamətinin qurulması, eləcə də qarşıdakı dövr üçün həyata keçiriləcək planları və strategiyası müzakirə olunub.
Toplantı çərçivəsində, eyni zamanda, beynəlxalq tərəfdaşlarla qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsi, xarici ölkələrin Azərbaycandakı səfirlikləri ilə işgüzar görüşlərin keçirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Assosiasiya ilə turizim şirkətləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyinə toxunan ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov Assosiasiyanın əvvəlki dövrlərdə olduğu kimi gələcəkdə də turizm şirkətlərinin fəaliyyətinə, onların üzləşdiyi çətinliklərin həllinə və turizm bazarında sağlam rəqabətin formalaşmasına dəstək olacağını deyib.
Postpandemiya dövründə əksər turizm şirkətlərinin fəaliyyətinin bərpa olunduğunu qeyd edən Göydəniz Qəhrəmanov ölkənin turizm sənayesi üçün yeni imkanların yarandığını və Assosiasiyanın bu istiqamətdə turizm agentlikləri ilə birgə çalışaraq aktiv fəaliyyət göstərəcəklərini bildirib.
Toplantı çərçivəsində Assosiasiyaya yeni üzvlər qəbul edilib.