RƏSMİ SƏNƏDLƏR


“ATƏŞGAH MƏBƏDİ” DÖVLƏT TARİX-MEMARLIQ QORUĞUNUN MÜHAFİZƏSİ VƏ MADDİ-TEXNİKİ TƏMİNATI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycanın maddi mədəniyyət abidələri sırasında XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunmuş və hazırda YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilmiş “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun özünəməxsus yeri vardır. Qoruq Azərbaycan tarixinin öyrənilməsi ilə yanaşı, respublikamızda turizmin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir.

“Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun mühafizəsinin təkmilləşdirilməsi və onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Bakı şəhərinin Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun konservasiya və bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ərazidə arxeoloji tədqiqat işlərinin aparılması və “Atəşgah” tarixi muzey mərkəzinin yaradılması üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki,

bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan

irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri , 1 iyul 2009-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin