SİYASƏT
ATƏŞKƏS REJİMİNİ POZAN ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ AĞIR İTKİ VERƏRƏK GERİ ÇƏKİLMİŞLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bir saata qədər davam edən döyüş zamanı Azərbaycan Silahlı Qüvvələri bölmələrinin güclü müqaviməti ilə rastlaşan Ermənistan silahlı qüvvələri ağır itkiyə məruz qalaraq geri çəkilmişlər. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Babayev Cəfər Aqil oğlu (1 yanvar 1978-ci il təvəllüdlü, 2003-cü ilin aprelində Şərur Rayon Hərbi Komissarlığından çağırılıb) həlak olmuş, əsgər Nağıyev Elçin Yasin oğlu (30 aprel 1984-cü il təvəllüdlü, 18 iyul 2002-ci ildə Babək Rayon Hərbi Komissarlığından çağırılıb) yaralanmışdır.
Hazırda yaralı əsgər hospitaldadır.
Müdafiə Nazirliyinin rəhbərliyi Vətən qarşısında xidməti vəzifəsini şərəflə yerinə yetirərkən həlak olmuş döyüşçü Cəfər Babayevin ailəsinə dərin hüznlə başsağlığı verir və ona Allahdan rəhmət diləyir.
X X X
İyulun 18-də saat 00.30-dan 01.30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Füzuli rayonunun Qaraxanbəyli kəndinin işğal olunmuş 2,5 kilometr şimalındakı mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin həmin kəndin ərazisində yerləşən üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutmuşlar.
Cavab atəşi ilə düşmən susdurulmuşdur.
İtki yoxdur.
X X X
Son günlərdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması və gərginliyin saxlanılması Ermənistanın işğalçılıq siyasətindən əl çəkmədiyini bir daha sübut edir. Ermənistanda mövcud olan müəyyən qüvvələr dönə-dönə bildirmişlər ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan guya onun ərazisidir və nəyin bahasına olursa-olsun, onu zorla Ermənistana birləşdirəcəklər. Məhz Ermənistan silahlı qüvvələri bölmələrinin iyulun 17-dən 18-nə keçən gecə Barsruni-Gərməçataq istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin postlarını ələ keçirməyə cəhd göstərməsi, bu iddianın təzahürü kimi qiymətləndirilməlidir.
Son bir ay ərzində Ermənistan tərəfindən çoxlu insan tələfatı ilə nəticələnən atəşkəsin ardıcıl pozulmasının və onun nəticələrinin məsuliyyəti atəşkəs rejiminin qorunub saxlanılması barədə ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar qarşısında öhdəlik götürmüş Ermənistan Respublikası rəhbərliyinin üzərinə düşür.
Atəşkəs rejiminin davamlı şəkildə pozulması döyüş əməliyyatlarının bərpası ilə nəticələnərsə, bu, işğalçı Ermənistan silahlı qüvvələrinin məğlubiyyəti ilə başa çatacaqdır.