SİYASƏT
ATATÜRKÜ ANMA GÜNÜNƏ HƏSR OLUNMUŞ KONFRANS
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkü anma, gənclik və idman bayramı Türkiyədə olduğu kimi, Azərbaycanda da qeyd edilmişdir. Mayın 19-da Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında bu münasibətlə konfrans keçirilmişdir. Konfrans Gənclər, İdman və Turizm Nazirliyi, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əməkdaşlıq üzrə işçi qrupu, Azərbaycanda Atatürk Mərkəzi, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi, Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən təşkil olunmuşdu.
Əvvəlcə, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Konfransda Atatürk Mərkəzinin müdiri, parlamentin deputatı, MEA-nın müxbir üzvü Nizami Cəfərovun, Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Dilqəm Quliyevin məruzələri dinlənilmişdir. Məruzəçilər, habelə sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Əhməd Ünal Çeviköz, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov, təhsil nazirinin müavini Elmar Qasımov, Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, professor Ağacan Əbiyev, Mərmərə Qrupu Vəqfinin Avrasiya İqtisadi Zirvələrinin baş katibi Vaqif Qasımov türk dünyasının dahi nümayəndələri, Türkiyə Cümhuriyyətinin və müstəqil Azərbaycan dövlətçiliyinin qurucuları Mustafa Kamal Atatürkün və Heydər Əliyevin şəxsiyyətlərini səciyyələndirən xüsusiyyətlərdən, onların arasındakı oxşar cəhətlərdən danışmış, hər iki liderin gəncliyin sağlam, vətənə, xalqa sədaqət ruhunda böyüməsinə və inkişaf etməsinə böyük əhəmiyyət verdiyini vurğulamışlar.