DÜNYA
ATATÜRK HAQQINDA MƏQALƏYƏ GÖRƏ TÜRK JURNALİSTİNƏ 15 AY HƏBS CƏZASI KƏSİLDİ
AZƏRTAC-ın Ankaradan aldığı xəbərdə deyilir ki, Türkiyə Mülki İşlər Məhkəməsi jurnalist Hakan Albayrağa Mustafa Kamal Atatürk haqqında məqaləyə görə 15 ay həbs cəzası kəsmişdir. 2000-ci ilin iyununda “Milli qazete”də çıxan məqalədə o, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk torpağa tapşırılmazdan əvvəl dəfn adətinin icra olunmasına şübhə etdiyini bildirmişdi.
Cinayət işinin qaldırılmasına onun sonralar elə həmin nəşrdə çıxmış ikinci məqaləsi səbəb olmuşdur. Məqalədə o, yalan məlumat verdiyinə görə oxuculardan üzr istəyərək etiraf etmişdir: “Mən bu məqaləni problemi dərindən araşdırmadan, şayiələr əsasında yazmışam. Ona görə də tələyə düşdüm. Öz oxucularımı aldatdım və vicdansız adamlara bəhanə verdim, buna görə üzr diləyirəm”.
Albayrağın vəkilinin bütün səylərinə baxmayaraq, məhkəmə dərhal hökm çıxarmışdır. Sonrakı üç ildə jurnalistin müdafiəçisi məhkəmənin qərarına etirazını bildirsə də, istədiyinə nail olmamışdır. Bu günlərdə Türkiyə Kassasiya Məhkəməsi hökmü olduğu kimi qüvvədə saxlamışdır.