İQTİSADİYYAT
ATƏT AZƏRBAYCANDA QADIN SAHİBKARLARA KÖMƏK EDİR
Müstəqil Hüquq Mərkəzi ATƏT-in Bakı ofisi ilə “Qadın sahibkarların təlimi” layihəsi üzrə əməkdaşlıq etməyə başlamışdır. Mərkəzin prezidenti Aydın Kərimov müxbirimizlə söhbətində demişlər ki, bu gün sahibkarlıq sahəsində qəbul olunmuş hüquqi-normativ aktların əhali, xüsusilə regionlarda yaşayan qadınlar tərəfindən öyrənilməsi sahibkarlığın inkişafı sahəsində dövlətimizin siyasətinin uğurla aparılmasına kömək edəcəkdir. Xüsusilə son dövrlərdə Azərbaycan Prezidentinin sahibkarlığın inkişafına göstərdiyi qayğı nəticəsində regionlarda bu sahəyə maraq xeyli artmışdır. Bu səbəbdən layihə yeni başlasa da, bizə çoxlu müraciət gəlməkdədir.
Layihə çərçivəsində Azərbaycanın on rayonunda - Şəki, Balakən, Masallı, Şəmkir, Mingəçevir, Əli Bayramlı, Qəbələ, Quba, İsmayıllı və Sabirabadda sahibkar və sahibkarlıqla məşğul olmaq istəyən qadınlar üçün sahibkarlıq fəaliyyətinin hüquqi əsaslarına, hüquqi şəxslərin yaradılması və qeydiyyatına, mühasibat uçotunun aparılmasına və vergi ödəmələrinə dair ikigünlük təlim kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.
Kursların iştirakçıları əvvəlcədən paylanmış sorğu vərəqələri əsasında seçiləcəklər. Dinləyicilərə sertifikatlar veriləcəkdir.