REGİONLAR
ATƏT-İN MALİYYƏ DƏSTƏYİ İLƏ ÖLKƏMİZİN KƏND TƏSƏRRÜFATINDA LAYİHƏLƏR HƏYATA KEÇİRİLƏCƏKDİR
Nazir söhbət zamanı bildirmişdir ki, Azərbaycan əhalisinin 40 faizdən çoxu kənd təsərrüfatında çalışır. Kənd təsərrüfatı məhsulları əsasən kəndli sahibkarlar tərəfindən istehsal edilir. Son 10 ildə əldə edilmiş uğurlara baxmayaraq, kənd təsərrüfatı istehsalı ölkənin potensial imkanlarından xeyli aşağıdır. Məhsuldarlığı və istehsal həcmini artırmaq üçün geniş imkanlar olduğu görüşdə vurğulanmışdır. Qeyd edilmişdir ki, torpaqların və suvarma sistemlərinin vəziyyəti bu imkanları reallaşdırmağa mane olur.
Bildirilmişdir ki, respublikamızda ümumi torpaq sahəsinin 52,3 faizi əkinə yararlıdır. Bu torpaqların 68 faizi əkin suyu ilə təmin edilmişdir. Istehsal olunan kənd təsərrüfatı məhsullarının 80-85 faizi bu torpaqların payına düşür.
Söhbət zamanı o da qeyd olunmuşdur ki, İsrail dövlətinin təcrübəsindən istifadə olunması dəmyə torpaqlarda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında səmərə verə bilər. Həmin torpaqlarda fermer və ailə təsərrüfatları tərəfindən alternativ kənd təsərrüfatı bitkilərinin əkilməsini təmin edən layihələrin işlənməsi məqsədəuyğun hesab edilmişdir. Quraqlığa və şoranlığa davamlı bitkilərin əkilməsinin zəruriliyi xüsusi qeyd olunmuşdur. Bir sıra layihələr barədə fikir mübadiləsi aparılmışdır.
Nazir Azərbaycanda kartof, buğda, şəkər çuğunduru, qarğıdalı, tərəvəz bitkilərinin ilkin toxumçuluğu üzrə müştərək özəl və dövlət müəssisələrinin, heyvandarlıqda süni mayalama şəbəkələrinin yaradılması, örtülü qrunt tərəvəzçiliyini inkişaf etdirmək sahəsində geniş imkanlar olduğunu vurğulamışdır.