SİYASƏT


ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİ AZƏRBAYCANA SƏFƏRİN YEKUNLARI BARƏDƏ

ATƏT-in Minsk qrupunun Rusiya, Amerika Birləşmiş Ştatları və Fransadan olan həmsədrləri dekabrın 6-da “Hyatt-Park” mehmanxanasında mətbuat konfransı keçirərək, Bakıya ikigünlük səfərin yekunlarından danışmışlar.

Amerikalı həmsədr Rudolf Perinanın sözlərinə görə, indiki səfərdən məqsəd Azərbaycanın yeni rəhbərliyinin Dağlıq Qarabağ məsələsində mövqeyi ilə tanış olmaq idi.

R.Perina aparılmış danışıqları səmərəli adlandıraraq dedi ki, səfər zamanı qrupun üzvləri məcburi köçkünlərin Bakıdakı düşərgəsində də olmuş və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqına nə kimi müsibətlər gətirdiyini bir daha yəqin etmişlər.

Amerikalı həmsədr səfər zamanı Bakıda keçirilmiş rəsmi görüşlərdən danışaraq bildirdi ki, həmsədrlər müdafiə naziri Səfər Əbiyev tərəfindən qəbul edildi, lakin XİN-in başçısı Vilayət Quliyev ölkədə olmadığından onunla planlaşdırılmış danışıqlar baş tutmadı.

R.Perina Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü indiki səfərin əsas hadisəsi adlandıraraq, “səmərəli diskussiya” zamanı qaldırılan məsələlərdən söhbət açdı. O dedi: “Minsk qrupunun həmsədrləri bir ildən çox idi ki, regionda olmamışdılar. Dekabrın 5-də biz Azərbaycanın yeni Prezidenti ilə ilk dəfə görüşmək imkanı qazandıq, Prezident Heydər Əliyevin həmin məsələdə xəttinin dəyişməz qaldığını bir daha yəqin etdik”.

R.Perina ABŞ-ın müdafiə naziri Donald Ramsfeldin Azərbaycana səfərinin Qarabağ probleminin həllinə təsiri olub-olmayacağı barədə jurnalistlərin sualına cavab verərək vurğuladı ki, regional problemlərin həlli ilə Ağ ev nümayəndələrinin görüşləri arasında heç bir əlaqə yoxdur.

Minsk qrupunun fransalı həmsədri Anri Jakolən isə bildirdi ki, Bakıya indiki səfər zamanı Dağlıq Qarabağ probleminin tənzimlənməsinə dair hər hansı yeni təkliflər olmadı. O dedi: “ Bu problemin həllinə dair heç bir yeni rəsmi təklif hazırlanmayıbdır. Çünki tərəflərin əvvəlcədən baxmadıqları təklifləri onlara təklif etməyin mənası yoxdur”.

A.Jakolən xatırlatdı ki, cari ilin martında Ermənistanda da prezident seçkiləri keçirilmiş, dövlət başçısı seçilmişdir. Fransalı həmsədr dedi: “Biz Bakıda cənab İlham Əliyevin mövqeyi ilə tanış olduq, Yerevanda isə Robert Koçaryanla görüş keçirəcəyik”.

Rusiyalı həmsədr Yuri Merzlyakov ATƏT-in Minsk qrupu iştirakçılarının Dağlıq Qarabağ probleminin həllində sıx əməkdaşlığından danışaraq bildirdi ki, Rusiya Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi faktını təsdiqləyir. O dedi: “ Azərbaycan Prezidenti ilə görüşdə Ermənistan Prezidenti ilə görüş barədə təklif irəli sürüldü. Bizcə, bu problemin dincliklə nizama salınması istiqamətində iş davam etdirilməlidir”.

Mətbuat konfransında ABŞ-ın ölkəmizdəki səfiri Rino Harniş iştirak edirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.