SİYASƏT
ATƏT-İN NÜMAYƏNDƏLƏRİ QOŞUNLARIN TƏMAS XƏTTİNDƏ MONİTORİNQ KEÇİRƏCƏKLƏR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, martın 10-da Tərtər rayonunun Borsunlu kəndi yaxınlığında, qoşunların təmas xəttində monitorinq keçiriləcəkdir.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Harri Eronen və Piter Ki keçirəcəklər.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və İmre Palatinus görəcəklər.