SİYASƏT
ATƏT MÜNAQİŞƏLƏRİN HƏLLİNDƏ DAHA KONKRET ADDIMLAR ATMALIDIR
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan nazir Vilayət Quliyev ölkəmizin ATƏT-lə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, ATƏT məkanındakı münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin aradan qaldırılmasında bu təşkilatın daha əməli və konkret addımlar atmasının vacibliyini vurğuladı.
Nazir Vilayət Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, onun həlli istiqamətində görülən işlər, Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri barədə qonağa ətraflı məlumat verdi, öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadıqlarını xatırlatdı, problemin indiyədək həll olunmamasını təəssüflə qeyd etdi. Nazir münaqişənin həlli üçün Helsinki yekun aktının, ATƏT-in Budapeşt və Lissabon sammitlərində qəbul edilmiş sənədlərin, BMT-nin 4 qətnaməsinin mövcud hüquqi-normativ baza təşkil etdiyini diqqətə çatdıraraq, Ermənistanın bu qərarlara etinasız yanaşmasının səbəbini münaqişənin ədalətli prinsiplər əsasında həlli üçün ATƏT-in və onun Minsk qrupunun yetərli təsir mexanizmlərinin olmaması ilə əlaqələndirdi. Nazir, həmçinin, münaqişənin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhəd toxunulmazlığı prinsipləri əsasında tezliklə aradan qaldırılması üçün beynəlxalq birliyin səylərinin artırılmasının vacibliyini bildirdi.
ATƏT-in sədri Solomon Passi təmsil etdiyi təşkilatın Cənubi Qafqazda, xüsusilə Azərbaycanda sülhün və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olduğunu, münaqişənin aradan qaldırılması üçün danışıqlar prosesinin intensivləşdirilməsinin zəruriliyini vurğuladı. İkitərəfli münasibətlərə toxunan qonaq, Bolqarıstanın Azərbaycanla münasibətlərin genişlənməsində maraqlı olduğunu bildirərək dedi ki, onun ölkəsi siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün səmərəli əməkdaşlığa hazırdır.
Nazir Vilayət Quliyev iki ölkə arasındakı əlaqələrin genişlənməsinə və ikitərəfli əməkdaşlığın perspektivlərinə böyük əhəmiyyət verdiyini vurğulayaraq, qarşılıqlı surətdə faydalı əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə də ətraflı fikir mübadiləsi aparıldı.