SİYASƏT


ATƏT PA-nın Daimi Komitəsinin iclasında Azərbaycanın tarixi Qələbəsi və Ermənistanın kapitulyasiyası haqqında danışılıb VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

ATƏT Parlament Assambleyasının (PA) Daimi Komitəsinin onlayn iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda ATƏT PA-ya üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, Büro üzvləri və assambleyanın xüsusi üzvləri iştirak ediblər.

Görüşdə ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib.

Çıxışına “Mən bu gün ATƏT PA-nın Daimi Komitəsində ATƏT-in ərazisindəki ən qanlı münaqişələrdən birinə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulduğunu bildirməkdən sevinc və şərəf duyuram” sözləri ilə başlayan Azay Quliyev məlumat verib ki, sentyabrın 27-də Ermənistan Azərbaycanın münaqişə bölgəsindən çox uzaqda mülki əhalinin sıx yaşadığı şəhər və kəndləri hədəf alaraq ölkəmizə qarşı yeni təcavüzə başlayıb. 27 sentyabrdan etibarən Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə artilleriya və raket hücumları nəticəsində 93 dinc sakin öldürülüb, 407 nəfər yaralanıb. Ermənistan ATƏT-in ilk üzv ölkəsi oldu ki, günahsız mülki insanları kütləvi şəkildə öldürmək üçün ATƏT-in başqa bir üzv dövləti olan Azərbaycana qarşı qadağan olunmuş kassetli bombalardan, “SCUD” raketlərindən və ağ fosfordan istifadə edib. Bunlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi açıq-aşkar hərbi cinayətlərdir və o, bu cür qeyri-insani əməllərə görə məsuliyyət daşımalıdır. Bu cür vəhşi hücumlara cavab olaraq Azərbaycan erməni işğalçı qüvvələrinin tam süqutu ilə nəticələnən əks-hücum və cavab tədbirlərinə start verib: “Hərbi əməliyyatların 44 günlük aktiv fazası ərzində şanlı Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 300-ə yaxın kəndi Ermənistanın işğalından azad etdi. Böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, Dağlıq Qarabağın incisi və dünyadakı hər bir azərbaycanlı üçün müqəddəs yer olan Şuşa şəhəri azad edilmiş şəhərlər sırasındadır. Döyüş meydanında ağır məğlubiyyətə uğradıqdan sonra Ermənistan sülh sənədini imzalamaq və tam kapitulyasiyasını rəsmən etiraf etmək məcburiyyətində qaldı. Tarixi ədalət və beynəlxalq hüququn triumfu olan sözügedən sənədi noyabrın 9-da Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri imzaladılar”.

ATƏT PA-nın vitse-prezidenti bəyanat haqqında ətraflı məlumat verib və onun əhəmiyyətini qeyd edib.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 27 ildir kağız üzərində qalan 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasını təkbaşına təmin etdiyini vurğulayan A.Quliyev bildirib ki, bu Qələbə Azərbaycan xalqının, dövlətinin və Ordusunun tarixi Qələbəsidir.

ATƏT PA-nın vitse-prezidenti deyib ki, ermənilərin və azərbaycanlıların birgə yaşamasının, qarşılıqlı inam və anlaşmanın təmin edilməsi hər birimiz üçün prioritet vəzifələrdən olacaq: “Bölgəmizdə davamlı sülh, sabitlik və firavanlığı təmin etmək üçün əlimizdən gələni etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.