SİYASƏT
ATƏT PA-nın “Fəaliyyətə Çağırış” İşçi Qrupunun “Ortaq məqsədin təsdiqlənməsi” mövzusunda ilk iclası keçirilib
Bakı, 27 yanvar, AZƏRTAC
ATƏT PA-nın “Fəaliyyətə Çağırış” İşçi Qrupunun “Ortaq məqsədin təsdiqlənməsi” mövzusunda ilk iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, ATƏT PA-nın Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Ağayeva iclasda çıxışı zamanı deyib: “ATƏT-in effektivliyinin gücləndirilməsi, habelə təhlükəsizliyə hərtərəfli yanaşmanın qurulması, iştirakçı dövlətlər tərəfindən əsas öhdəliklərin icrası və dövlətlər arasında əməkdaşlıq bütün üzv dövlətləri əhatə edən müasir problemlərin həllində olduqca vacibdir. Təəssüf ki, zaman-zaman bu təşkilatın ona üzv olan dövlətlər tərəfindən qarşıya qoyulan prinsip və öhdəliklərə uyğunluğunu təmin etmək bacarığının, siyasi iradə və institusional imkanının olmadığının şahidi olduq”.
Deputat qeyd edib ki, ötən il COVID-19 pandemiyası və ATƏT ərazisindəki davam edən digər münaqişə və böhranların səbəb olduğu çox çətin bir dövr oldu.
“İnanıram ki, həmrəylik, birlik və beynəlxalq əməkdaşlığa ehtiyac indi əvvəlkindən daha vacibdir. Bu gün qayda-qanuna əsaslanan beynəlxalq düzəni qorumaq, insan haqlarını təbliğ edərək qorumağa davam etmək və davamlı inkişafa nail olmaq üçün səylə çalışmaq daha vacibdir. Azərbaycan da öz növbəsində demokratik, güclü, sabit və firavan gələcəyini təmin etmək səylərini dəstəkləmək üçün ATƏT-lə işləməyə sadiq qalır”.