CƏMİYYƏT


ATƏT PA-nın nümayəndə heyəti Masazırda məskunlaşan məcburi köçkünlərin yaşayış şəraiti ilə tanış olub

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də ölkəmizdə səfərdə olan ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin rəhbərlik etdiyi nümayəndə heyəti Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.

Bu barədə AZƏRTAC-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov nümayəndə heyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şərait haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalıb. Nəticədə, ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətraf 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan idarəçilik mexanizmi bu gün Prezident İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və bu siyasət nəticəsində yaradılan Azərbaycan modeli artıq nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir olunur. Fuad Hüseynov qeyd edib ki, bu məhəllədə 760 məcburi köçkün ailəsi müvəqqəti məskunlaşıb və torpaqlarımız işğaldan azad edildikdən sonra onlar öz doğma torpaqlarına qayıdacaqlar. Burada yeni mənzillərlə təmin olunan məcburi köçkünlərin də əvvəllər yataqxanalarda məskunlaşdıqlarını diqqətə çatdıran komitə sədrinin müavini vurğulayıb ki, indiyədək daha ağır vəziyyətdə yaşayan soydaşlarımızın mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə respublikanın müxtəlif ərazilərində bu cür bütün zəruri sosial-texniki infrastruktura malik 96 müasir tipli qəsəbə salınıb, 250 min nəfər bu qəsəbələrə köçürülüb.

F.Hüseynov bildirib ki, doğma yurdlarını tərk etmiş bu insanların bütün problemlərinin həllini Azərbaycan dövləti öz üzərinə götürüb. Qaçqınların və məcburi köçkünlərin məşğulluq, təhsil, yaşayış, tibbi, sosial təminatı ilə əlaqədar hərtərəfli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Prezidentinin Sərəncamı ilə Dövlət Proqramları təsdiq edilib.

Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində və Zəngilan rayon tarix diyarşünaslıq muzeyində yaradılan şəraitlə tanış olublar.

Daha sonra nümayəndə heyəti məcburi köçkün Vəli Quliyevin mənzilində olub və ailə ilə söhbət ediblər. Söhbət əsnasında məcburi köçkünlər bildiriblər ki, Azərbaycan dövləti bu gün məcburi köçkünlərə hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm olaraq diqqət mərkəzində saxlayır. Lakin bunlara baxmayaraq, bütün məcburi köçkünlər doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayırlar.

Məcburi köçkünlər üçün yaradılan hərtərəfli şəraiti yüksək qiymətləndirən nümayəndə heyəti söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin, qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtmalarının zəruriliyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.