SİYASƏT
ATƏT PA-nın sessiyasında azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərindən danışılıb VİDEO
Vyana, 26 fevral, AZƏRTAC
Fevralın 26-da Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) qış sessiyasında “ATƏT məkanında miqrant və qaçqın böhranı: Kollektiv cavab tədbirlərinin gücləndirilməsi” adlı xüsusi debat keçirilib. Avropa İttifaqının humanitar yardım və böhranların idarə olunması üzrə komissarı Xristos Stilianidis debatda xüsusi məruzəçi qismində çıxış edib.
Azərbaycan nümayəndə heyətinin üzvü, ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev çıxışının əvvəlində bu gün Azərbaycan tarixinin ən faciəli günlərindən biri – Xocalı soyqırımının 24-cü ildönümü olduğunu bildirib. O deyib: “Vicdanımız və siyasi məsuliyyətimiz bizi insanlıq tarixinin ən dəhşətli kütləvi terroru və barbar aktlarından biri olan bu amansız və vəhşicəsinə törədilmiş soyqırımını unutmamağa vadar edir”.
Qeyd edilib ki, Suriyada davam edən böhran, bütün Orta Şərqdə və Şimali Afrikadakı siyasi-hərbi qeyri-stabillik ATƏT regionu üçün ciddi təhlükəsizlik probleminə çevrilib. Ölkələrin daxili işlərinə xarici müdaxilələr, məhdud siyasi maraqlar üçün etnik və dini fərqliliyin manipulyasiyaları həm həmin ölkələrdə, həm də ATƏT ərazisində faciəli nəticələrlə yekunlaşıb.
Hazırda yüz minlərlə insan həyatda qalmaq üçün Avropaya üz tutur. Yaxın Şərqdən Avropa istiqamətində yol boyunca qadınlar və uşaqlar daxil olmaqla, günahsız insanların ölüm səhnələrini görmək olduqda sarsıdıcıdır. Təəssüflər olsun ki, bəzi hallarda qaçqınlar dözümsüzlük, irqçilik və ayrı-seçkiliklə üzləşirlər. Bu da öz növbəsində radikal və ekstremist qrupların maraqlarına xidmət edir.
Azərbaycan nümayəndəsi bildirib ki, kütləvi köçkün problemləri ilə məşğul olmağın (xüsusilə də müharibə zamanında) nə qədər çətinlik təşkil etməsi ona şəxsi təcrübəsindən məlumdur: “20 ildən artıqdır ki, Azərbaycan etnik təmizləmədən əziyyət çəkən ölkələrdən biridir. Bizim ən sadə insan haqlarından belə məhrum edilmiş 1,2 milyon qaçqın və məcburi köçkünümüz var. Onlar təhlükəsiz və ləyaqətli şəkildə öz doğma evlərinə qayıtmaları üçün hələ də münaqişənin həllini gözləyirlər”.
Bildirilib ki, məcburi miqrasiya yalnız təxirəsalınmaz, birgə və iradəli cəhdlər sayəsində öz həllini tapa bilər: “Biz ritorikadan uzaq durmalı və qurbanlara hörmətlə yanaşmalıyıq. İndi problemlərin köklü səbəblərini həll etməyin əsl vaxtıdır. Silahlı münaqişələr problemin mərkəzində dayanır və biz davamlı həlli tapmaq üçün cəhdlərimizi ikiqat artırmalıyıq. Bu cəhdlər münaqişənin nəticələrinin aradan qaldırılması istiqamətinə və köçkün düşmüş əhalinin öz doğma yurdlarına qayıtmaları üçün normal şəraitin yaradılmasına yönəlməlidir. Bu, yeganə davamlı həll yoludur”.
A.Quliyev çıxışının sonunda ATƏT-ə sədrlik edən Almaniyaya öz fəaliyyət paketində yer almayan Avropada hazırkı qaçqın problemini təcili məsələ kimi yüksək prioritetlər paketinə daxil etməyi təklif edib.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana