SİYASƏT
ATƏT-in Cənub-Şərqi Avropada Sahə Əməliyyatları rəhbərlərinin regional toplantısı keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
İyunun 24-də ATƏT-in Cənub-Şərqi Avropada Sahə Əməliyyatları rəhbərlərinin regional toplantısı keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, videokonfrans formatında baş tutan iclasda ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib.
Tədbirdə regionda gedən proseslər, müasir çağırışlar, Avropa İttifaqına inteqrasiya, təhlükəsizlik və digər məsələlər müzakirə olunub.
ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev tədbirdə məruzə ilə çıxış edib. O, qurumun xüsusi nümayəndəsi kimi Cənub-Şərqi Avropa ölkələrinə səfərlərinin nəticələri barədə məlumat verib, regionda cərəyan edən proseslərdən, regional əməkdaşlıq imkanlarından, sülhün və barışığın möhkəmləndirilməsindən, demokratik proseslərin gedişatından, siyasi partiyalar arasında və parlament səviyyəsində dialoqun təşviqindən danışıb. Azay Quliyev region ölkələrinin təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsi, Avropa İttifaqına inteqrasiyası və digər məsələlərlə bağlı təkliflərini səsləndirib.