SİYASƏT
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
Moskva, 26 fevral, AZƏRTAC
ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Edi Rama Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.
O deyib: “Mən ATƏT-in Minsk qrupunda həmsədrlik etdiyinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığımı ifadə edirəm, Rusiyanın digər sülh danışıqlarında iştirakını alqışlayıram”.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş Naziri Edi Rama Moskvada görüşüblər. Tərəflər aktual Ümumavropa və regional problemləri, ATƏT-in cari fəaliyyətini və 2020-ci ildə təşkilatın fəaliyyət planlarını müzakirə ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva