SİYASƏT


ATƏT-in görüşündə Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə dair görülən işlərdən danışılıb

Bakı, 21 sentyabr, AZƏRTAC

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bu il sentyabrın 16-21-də Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in İnsan Ölçüsü üzrə növbəti İllik görüşündə (HDİM) iştirak edib.

Komitədən AZƏRTAC-a bildiriblər ki, görüşdə təşkil edilmiş işçi sessiyalarda demokratik təsisatlar və seçkilər, media azadlığı, müxbirlərin təhlükəsizliyi, tolerantlıq, qanunun aliliyi kimi mövzular müzakirə edilib. HDİM-in doqquzuncu işçi sessiyası humanitar məsələlər, qaçqın və məcburi köçkünlər, köçürülmə riskində olan şəxslərə həsr edilib.

Sessiyada iştirak edən F.Hüseynov çıxışının əvvəlində deyib ki, azərbaycanlı qaçqın və məcburi köçkünləri öz doğma torpaqlarına nə vaxt qayıdacaqları, bununla əlaqədar fundamental hüquqlarının bərpası üçün beynəlxalq ictimaiyyətin niyə laqeyd olduğu maraqlandırır.

Sədr müavini Ermənistanın bu gün də davam edən hərbi işğalı nəticəsində Dağlıq Qarabağdan və onun ətrafındakı 7 rayondan 1 milyondan çox insanın məcburi köçkün düşdüyünü bildirib.

Ermənistanda hakimiyyət dəyişikliyi münaqişənin nizamlanması ilə bağlı gözləntiləri artırmışdı. Lakin Ermənistan rəhbərliyinin “Dağlıq Qarabağ Ermənistanındır, vəssalam” deyə səsləndirdiyi son təxribatçı və destruktiv bəyanatı, “xalqların öz müqəddəratını təyinetmə hüququ” adı arxasında məharətlə gizlətdiyi iyrənc işğalçılıq siyasətini bir daha nümayiş etdirir. Bəyanat beynəlxalq ictimaiyyətə, xüsusi ilə münaqişənin sülh yolu ilə nizamlanmasına çalışan ATƏT-in Minsk qrupuna qarşı tam hörmətsizlikdir. Bu, regionda sülh prosesinə zərbə vurur və gərginliyin yüksəlməsinə təhrik edir. Azərbaycan beynəlxalq ictimaiyyəti bəyanatı pisləməyə çağırır.

Azərbaycanda “BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər Prinsipləri”nin tələblərinin yerinə yetirildiyi, məcburi köçkünlərlə bağlı mövcud təcrübənin dünyada nümunə olduğu diqqətə çatdırılıb. Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün müvəqqəti yaşayış sahələri tikilib istifadəyə verilir. Onların sosial problemlərinin həlli, bir çox dövlət xidmətlərindən xüsusi güzəştlə yararlanması üçün mühüm addımlar atılır. Ən ağır şəraitdə yaşayan məcburi köçkünlər Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı ilə yeni yaşayış sahələrinə ilk növbədə köçürülürlər.

Bildirilib ki, həyata keçirilən işlərə baxmayaraq, Azərbaycanda mövcud olan məcburi köçkün probleminin tamamilə həlli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və köçkünlərin təhlükəsiz şəkildə və ləyaqətlə öz torpaqlarına qayıtması nəticəsində mümkün olacaq.

Vurğulanıb ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü tanıyır və dəstəkləyir. Azərbaycan tezliklə, beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünü bərpa etmək və mülki əhalini əzəli torpaqlarına qayıtmasına nail olmaq əzmindədir. Bununla da, beynəlxalq hüququn aliliyi təmin olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.