CƏMİYYƏT


ATƏT-in insan ölçüsü üzrə iclası çərçivəsində Azərbaycandakı protestant icmaların müasir vəziyyətinə dair əlavə tədbir keçirilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun İnsan Ölçüsü üzrə öhdəliklərin yerinə yetirilməsinə həsr olunmuş növbəti işçi sessiyası çərçivəsində “Müasir Azərbaycanda protestant dini icmaların vəziyyəti” mövzusunda əlavə tədbir keçirilib. Əsas iclasa əlavə olaraq keçirilən belə tədbirlərdə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə saat yarımlıq müddət ərzində fəaliyyət sahələri ilə bağlı iclas iştirakçılarına məlumat vermək imkanı yaradılır. Bu imkandan istifadə edən “Azərbaycan Bibliya Cəmiyyəti” və “Alov” Xristian Birliyinin nümayəndələri ortaq təşəbbüs göstərərək əlavə tədbir təşkil edib, ölkəmizdəki xristian protestantların müasir vəziyyəti haqqında sessiya iştirakçılarına slaydlar vasitəsilə geniş məlumat veriblər.

AZƏRTAC xəbər verir ki, əlavə tədbirdə əvvəlcə “Alov” Xristian Birliyinin pastoru Murad Əliyev çıxış edib. O bildirib ki, “Alov” Xristian Birliyinin dövlət qeydiyyatı olmasa da, fəaliyyətində hər hansı məhdudiyyətlə üzləşmir. Diqqəti bəzi beynəlxalq hesabatlara yönəldən M.Əliyev həmin hesabatlarda Azərbaycanda qeydiyyatsız protestant dini icmaların təqib və təzyiqlərlə qarşılaşması ilə bağlı yer alan iddiaların əsassız olduğunu vurğulayıb. O, Azərbaycanda təkcə ənənəvi xristian dini icmalarına deyil, həm də “Alov” Xristian Birliyi kimi yeni təşəkkül tapmış protestant təşkilatlara da qanunvericilik çərçivəsində azad fəaliyyət imkanlarının yaradıldığını söyləyib.

Daha sonra Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınmış “Azərbaycan Bibliya Cəmiyyəti”nin rəhbəri Rasim Xəlilov çıxış edib. O, ölkəmizdə bütün dini qurumların, o cümlədən protestant təmayüllü icmaların azad şəkildə fəaliyyət göstərməsi üçün yüksək şəraitin yaradıldığını bildirib, eləcə də Azərbaycan dövləti tərəfindən dini icmalara münasibətdə hər hansı fərqin qoyulmadığını qeyd edib, buna misal olaraq rəsmi protestant dini icmalara göstərilən diqqət və qayğıdan söhbət açıb. Həmçinin R.Xəlilov ölkəmizdə tolerant və multikultural ənənələrin qorunduğunu, müxtəlif din və konfessiya mənsubları arasında dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.

Tədbirə qatılan qonaqların diqqətini çəkən məruzələr ətrafında geniş müzakirələr aparılıb, ölkəmizdə dini etiqad azadlığının müasir vəziyyətinə dair suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.