SİYASƏT


ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru parlament seçkilərinə dair çıxışında işğal olunmuş ərazilər mövzusuna toxunub

Vyana, 21 fevral, AZƏRTAC

ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçirilən qış sessiyasında bu qurumun seçki müşahidə missiyalarının hesabatı dinlənilib. Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən ATƏT PA müşahidə missiyası adından çıxış edən Artur Gerasimov seçkilərdə üç yüzədək parlamentarinin müşahidəçi kimi iştirak etdiyini bildirib. Bu müşahidəçilərin Avropa Şurası və ATƏT olmaqla, əsasən iki böyük qrupa bölündüyünü qeyd edən natiq Azərbaycanda keçirilən seçkilər barədə hesabatı təqdim edib.

AZƏRTAC xəbər verir ki, ATƏT-in qısamüddətli missiyasının xüsusi koordinatoru qismində seçkiləri müşahidə edən A.Gerasimov seçkilər zamanı Azərbaycanın nəzarətində olmayan ərazilərdə müşahidə apara bilmədiklərini bildirib. Qeyd edib ki, hamıya məlum olduğu kimi, Azərbaycan ərazilərinin işğalından və çox sayda məcburi köçkünün həmin əraziləri tərk etməsinə səbəb olan həll edilməmiş ərazi münaqişəsindən əziyyət çəkir. Xüsusi koordinator seçki missiyasının Azərbaycan hökumətinin məcburi köçkünlərin səsvermə hüquqlarının təmin olunması üçün atdığı konkret addımları nəzərdən keçirdiyini bildirib.

Hesabatdan sonra Ermənistan nümayəndəsi xüsusi koordinatoru öz mandatından kənara çıxmaqda ittiham edib, çıxış və müşahidə missiyasının hesabatında seçkilərin gedişatına dair məsələlərin diqqətdə saxlanılmalı olduğunu deyib.

Artur Gerasimov isə cavab olaraq bildirib ki, çıxışında söylədiyi fikirlər, eyni zamanda, seçkilərdən sonra yayılan ilkin nəticələrə dair bəyanatda da əksini tapıb. Orada 125 dairədən 10-da Ermənistanla davam edən münaqişə səbəbindən seçkilərin təşkil edilə bilmədiyi yazılıb. Həmçinin bildirib ki, bu, təkcə Dağlıq Qarabağa aid deyil, ətraf rayonlar da Azərbaycan hökumətinin nəzarəti altında deyil və ya qismən nəzarəti altındadır. Bu da hesabat və bəyanatda qeyd edilib.

Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili çıxışında bildirib ki, son iki gündə keçirilən müzakirələrdə Ermənistan nümayəndələrinin açıqlamaları onların Minsk qrupu həmsədrlərinin əhalini sülhə hazırlamaq çağırışlarını özlərinə sərf edən şəkildə başa düşdüklərini nümayiş etdirir: “Daha çox narahatedici məqam ondan ibarətdir ki, Ermənistan parlamentinin yeni üzvləri əvvəlki hökumətin köhnə fikirlərini təkrarlayırlar. Ermənistan nümayəndə heyətinə bir sualım var: bu siyasətin perspektivinin olmadığını başa düşmək üçün neçə inqilaba, neçə baş nazir və prezidentin həbsinə ehtiyacınız var və neçə hökuməti devirməlisiniz?”

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.