DÜNYA
ATƏT və Avstriya hökuməti arasında yeni saziş imzalanıb
Vyana, 14 iyun, AZƏRTAC
İyunun 14-də Avstriyanın Xarici İşlər Nazirliyi və ATƏT Katibliyi arasında bu təşkilatın mənzil-qərargahı ilə bağlı saziş imzalanıb.
Saziş ATƏT-in Avstriyada hüquqi mövqeyinin və mühafizəsinin tənzimlənməsinə xidmət edir. Avstriya XİN-in Baş katibi Mixael Linhart bildirib ki, ATƏT-in mənzil-qərargahının yerləşdiyi ölkə olaraq Avstriya üçün bu təşkilatın əsaslı hüquqi baza üzərində mövcud olması mühüm əhəmiyyət kəsb edir. Bu sazişin imzalanması ilə ATƏT-in gücləndirilməsi üçün ölkəsinin ciddi səylər göstərdiyini deyən M. Linhart eyni zamanda Vyanada yerləşən beynəlxalq təşkilatlar arasında ATƏT-in mövqeyinin möhkəmləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Qeyd edək ki, əsası 1973-cü ildə qoyulan ATƏT-in mənzil-qərargahı 1995-ci ildən Avstriyada yerləşir. İndiyədək təşkilatın bu ölkədə fəaliyyəti “ATƏT-in Avstriyadakı təsisatlarının hüquqi vəziyyətinə dair Federal Qanun” əsasında tənzimlənirdi. Yeni saziş indiyədək mövcud qanunun mahiyyətini dəyişməyəcək, beynəlxalq təşkilatın Avstriyada hüquqi vəziyyəti üçün texniki transformasiya və hüquqi çərçivə şərtlərini təqdim edəcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana