ATÇILIĞA DAİR DƏYƏRLİ TƏDQİQAT ƏSƏRİ
Kitabda bütün dünyada böyük şöhrət qazanmış Qarabağ və Diliboz atlarının keçmişi, indiki vəziyyəti, inkişaf yolları əhatəli tədqiq edilmişdir. Zəngin tarixi və arxeoloji materiallara əsasən sübut edilir ki, Azərbaycan atları qədim tarixə malikdir. Əsərdə atın mənşəyi, əhliləşdirilməsi, ölkəmizdə atçılığın inkişaf tarixi geniş təhlil edilir, at cinsləri sadalanır, onların saxlanması, çoxalması haqqında söz açılır, müxtəlif tövsiyələr verilir. Müəllif qürurla Makedoniyalı İskəndərin “Diliboz cins atları Şərqin ceyranıdır”, İngiltərə kraliçası II Yelizavetanın “Bütün daş-qaş zinətlərinin zirvəsində brilyant durduğu kimi, dünya atsevərləri də Qarabağ atını cins atların brilyantı adlandırırlar, çünki bu atlar günəş kimi par-par parıldayır” deyimlərini də xatırladır.
Poliqrafik qüsurlarına baxmayaraq, kitabın “At təbabətdə”, “Atçılıq idmanı”, “Azərbaycanın milli atüstü oyunları”, “Azərbaycan jokeyləri”, “Azərbaycan ədəbiyyatında at obrazı” və s. fəsillər, at haqqında maraqlı əhvalatlar, dahilərin atla bağlı sərgüzəştləri, əlliyə yaxın şəkil hər bir atsevəri maraqlandıracaqdır.
Nəşrin redaktoru AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi Musa Musayevdir.