CƏMİYYƏT
ATGTİ-də yeni dərs ilinin başlaması münasibətilə aparılan hazırlıq işləri yekunlaşıb
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) yeni dərs ilinin başlaması münasibətilə aparılan hazırlıq işləri artıq yekunlaşıb.
AZƏRTAC xəbər verir ki, təşkilat heyətə yeni əməkdaşlar cəlb etməklə yanaşı, təşkilat daxilində müəyyən yerdəyişmələr də edib.
ATGTİ-yə cəlb olunan fəal gənclərdən biri də Şəmsi Gülverdidir.
"Bakı-2015" ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin təşkilində çalışmış Ş.Gülverdi ittifaqa icraçı direktor təyin olunub. Avropa Oyunlarının "Mərasimlər" komandasında könüllülər üzrə koordinator, eyni zamanda Təhsil Nazirliyi və təhsil müəssisələri üzrə məsul şəxs kimi çalışan Ş.Gülverdi bu işə qədər ATGTİ-nin İcraçı Direktoru vəzifəsində çalışıb. O, "ATGTİ bu il də yeni nəfəslə, yeni layihələrlə tələbə gənclərimizi sevindirəcəkdir",- deyə bildirib.
Bundan əlavə, təşkilat daxilində fəaliyyət göstərən icra aparatına daxil olan qurumlar da yenidən qurulub.
Qeyd olunub ki, artıq 6 ildir fəaliyyət göstərən ATGTİ eyni zamanda bir çox yerli və beynəlxalq layihələrə imza atıb. Avropa Tələbələr Birliyinin tamhüquqlu üzvü olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Cənubi Qafqazın ən böyük tələbə təşkilatıdır.