ELM VƏ TƏHSİL
ATMU-da “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII respublika konfransı keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII respublika elmi-praktik konfransı keçirilib.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, universitetin rektoru İlham Mədətov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu gün dünyada idarəetmə sahəsində bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaşı kimi tanındığını söyləyib. Rektor dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və digər istiqamətlərdə həyata keçirilən layihələrin də faydalı olduğunu bildirib. O, konfrans iştirakçıları tərəfindən təqdim olunan 54 məruzənin müasir dövrdə effektiv idarəetmə problemlərinin həllində yeni yanaşmalara təkan verəcəyinə əminliyini bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Universitetin Elm və innovasiya şöbəsinin müdiri dosent Nəsirulla Nəsirli “Azərbaycanda müalicə-sağlamlıq turizminin potensialı və perspektivləri” mövzusunda məruzəsində sağlamlıq turizminin əhəmiyyətindən söz açıb. Hər il milyonlarla dollar vəsaitdən xəbər verən sağlamlıq turizminin dünya turizminə sürətli inteqrasiyası sayəsində bu bazardan daha çox paya sahiblənməyə iddialı ölkələr arasındakı rəqabət tendensiyasının təsadüfi olmadığını diqqətə çatdırıb. Qeyd edib ki, beynəlxalq sağlamlıq turizmindən faydalanan vətəndaşların faiz göstəricilərində ABŞ, Kanada, Qərbi Avropa və Körfəz ölkə vətəndaşlarının tibbi və sağlamlıq xidmətindən faydalanmaq istəyi isə yüksək maliyyə imkanlarından qaynaqlanır.
Plenar iclasda ATMU-nun professoru Məhərrəm Zülfüqarlı “Sovet idarə sisteminin antihumanist mahiyyəti (1920-1921-ci illər)” mövzusunda çıxış edib. M.Zülfüqarlı bildirib ki, sovet hakimiyyətinin mahiyyəti Azərbaycan İnqilab Komitəsinin 1920-ci ilin mayından 1921-ci ilin mayına kimi qəbul etdiyi 368 dekretdə aydın əksini tapıb. Bu dekretlər işğalçı rejimin Azərbaycanda möhkəmlənməsinə xidmət edib. Elmi mənbələrdə qeyd olunduğu kimi, işğalçı bolşeviklər ağır iqtisadi və siyasi böhranla üzləşən Azərbaycanda yeni istismar üsulları axtarmaqla kifayətlənmir, icrasında xüsusi fəallıq göstərirdilər. Kommunist iməcilikləri adı altında insanların könüllü - pulsuz işlətdiklərini desələr də, əslində bunlar reallığı əks etdirmir. Sovet rejimi Azərbaycan əhalisi arasında vətəndaş müharibəsinin alovunda mənfur siyasətlərini yeritməyə çalışırdılar.
Onlayn formatda təşkil olunan “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda VII respublika elmi-praktik konfrans öz işini bölmə iclaslarında davam etdirib. ATMU-nun Turizm biznesi kafedrasının müdiri dosent Hafiz Hüseynovun “Quba-Xaçmaz iqtisadi rayonunda tarixi-mədəni abidələrin turizmdə istifadə imkanlarının müəyyənləşdirilməsi”, Dillər kafedrasının müdiri dosent Əzizə Məmmədovanın “Naxçıvan iqtisadi rayonunda mineral sular”, dosent Xumar Vahabovanın “Naxçıvan bölgəsinin təbiət abidələri”, Anadolu Universitetinin professoru Məryəm Akoğlan Kozak və magistrantı Vüqar Nərimanbəylinin “Turizm sektorunda çalışanların şəxsiyyət xüsusiyyətlərinin müəyyən edilməsində yeni bir yanaşma: Enneagram” mövzularında məruzələri və digər çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.